SİYASƏT


Vətən müharibəsi şəhidlərinin xatirəsi Madriddə də anılıb VİDEO

Madrid, 27 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyi tərəfindən Madriddə Anım Günü ilə əlaqədar tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə İspaniyada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, yerli kütləvi informasiya vasitələrinin təmsilçiləri, İspaniya ictimaiyyətinin, Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Tədbir iştirakçıları, ilk növbədə, Azərbaycanın İspaniyadakı səfirliyinin inzibati binasının qarşısında yaradılmış, özündə Ermənistanın hərbi-siyasi rəhbərliyinin bilavasitə göstərişi ilə mülki şəxslərin məqsədli şəkildə hədəfə alınmasını, Ermənistanın törətdiyi növbəti müharibə cinayətlərinin fəsadlarını əks etdirən fotoşəkillərdən ibarət xatirə guşəsini ziyarət ediblər.

Mərasimdə əvvəlcə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Azərbaycanın İspaniyadakı səfiri Ramiz Həsənov bildirib ki, ötən il sentyabrın 27-dən noyabrın 8-dək davam etmiş Vətən müharibəsi nəticəsində Ermənistanın 30 ilə yaxın davam edən təcavüzünə son qoyulub, ölkəmizin ərazi bütövlüyünün təmin edilib, Azərbaycan BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli müvafiq qətnamələrini təkbaşına yerinə yetirib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bəyan etdiyi kimi, keçmiş Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin bitdiyi, Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidinin mövcud olmadığı vurğulanıb.

Ermənistan tərəfindən işğal altında saxlanılmış Azərbaycan ərazilərində törədilmiş cinayətlər və qeyri-qanuni fəaliyyət barədə məlumat verilərək, ərazilərimizdə tank və piyada əleyhinə minaların kütləvi şəkildə yerləşdirildiyi, Azərbaycanın tarixi, mədəni, dini irsinin məqsədli şəkildə dağıdıldığı, mənimsənildiyi, təbii ehtiyatların talan edildiyi, şəhərlərimizdə urbisid və vandalizmin həyata keçirildiyi diqqətə çatdırılıb.

Səfir Ramiz Həsənov vurğulayıb ki, hazırda azad olunmuş ərazilərimizdə bərpa və yenidənqurma işlərini həyata keçirən, bir milyona yaxın azərbaycanlı məcburi köçkünün öz evlərinə təhlükəsiz və ləyaqətli dönüşünü, bu torpaqların reinteqrasiyasını təmin etmək üçün ardıcıl addımlar atan Azərbaycan hökuməti 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata uyğun olaraq, bölgədə dayanıqlı sülh, təhlükəsizlik və rifahın təminatı istiqamətində ardıcıl və genişmiqyaslı tədbirlər həyata keçirir.

Xüsusi olaraq qeyd edilib ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun şücaəti nəticəsində əldə etdiyimiz Qələbə ölkə tarixində yeni dövr açıb, beynəlxalq ədaləti bərqərar edib, bölgə yeni sabitlik və inkişaf dövrünə qədəm qoyub.

Sonra çıxış edən Türkiyənin İspaniyadakı səfiri Burak Akçapar bildirib ki, 30 ilə yaxındır Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistan ötən il sentyabrın 27-də atəşkəsi pozaraq Azərbaycanda dinc əhaliyə qarşı hücuma keçib, Azərbaycanın özünümüdafiə hüququ çərçivəsində həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində 30 ildir davam edən ədalətsizliyə son qoyularaq, qardaş ölkənin ərazi bütövlüyü bərpa olunub. Türkiyənin hər zaman qardaş Azərbaycanın yanında olduğunu diqqətə çatdıran səfir B.Akçapar deyib ki, Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimiz, azadlığı azadlığımızdır. Diplomat qeyd edib: “Azad edilmiş ərazilərdə şanlı Azərbaycan bayrağının qürurla dalğalanmasını görmək sevincini bizlərə yaşadan şanlı Azərbaycan Ordusunun şəhid olmuş qəhrəmanlarının əziz xatirəsini yad edir, qazilərimizə minnətdarlığımızı çatdırırıq”.

Çıxışlardan sonra 27 sentyabr - Anım Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Anım mərasimi zamanı Türkiyə və Pakistanın İspaniyadakı səfirləri, İspaniyanın Beynəlxalq və Strateji Araşdırmalar üzrə Fondunun (FESEI) direktoru Migel Alvares de Eulate, İspaniya İpək Yolu İnstitutunun vitse-prezidenti Enrike Qaspar AZƏRTAC-a müsahibələrində şanlı Azərbaycan Ordusunun Ermənistanın 30 illik təcavüzünə son qoyaraq ərazilərini işğaldan azad etməsi ilə tarixi ədalətin bərqərar olduğunu qeyd ediblər.

Sonda Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində şanlı Qələbəsinə həsr olunmuş məlumat kitabçaları, broşürlər tədbir iştirakçıları arasında yayılıb.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.