SİYASƏT
Vətən müharibəsi şəhidlərinin xatirəsi Mərakeşdə də anılıb
Rabat, 29 sentyabr, AZƏRTAC
Sentyabrın 27-də Azərbaycan Respublikasının Mərakeş Krallığındakı səfirliyində Vətən müharibəsi şəhidlərinin Anım Günü ilə əlaqədar tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, səfirlik və Azərbaycan-Mərakeş dostluq qrupu tərəfindən birgə təşkil olunan tədbirdə, əvvəlcə, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, onların ruhuna dualar oxunub.
Tədbirdə çıxış edən səfir Oktay Qurbanov bir il əvvəl Ermənistan silahlı qüvvələrinin növbəti təxribatının qarşısını almaq məqsədilə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib Ordumuz tərəfindən cavab tədbirlərini həyata keçirildiyi və beləliklə, 44 gün davam etmiş Vətən müharibəsi nəticəsində Ermənistanın 30 ilə yaxın davam edən təcavüzkar siyasətinə son qoyulduğu, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğunu diqqətə çatdırıb.
O, uzun müddət işğal altında qalmış torpaqlarımızda Ermənistanın həyata keçirdiyi qeyri-qanuni, cinayətkar fəaliyyəti, həmin torpaqlarda çoxlu sayda mina basdırması, Azərbaycanın tarixi, mədəni, dini irsini məqsədli şəkildə məhv etməsi, mənimsəməsi, təbii ehtiyatların talan və infrastrukturu darmadağın etməsi, çoxsaylı müharibə cinayətləri barədə dəlillər barədə danışıb.
İşğaldan azad olunmuş ərazilərdə hazırda Azərbaycan hökuməti tərəfindən bərpa və yenidənqurma işlərinin həyata keçirildiyini bildirən diplomat Füzuli rayonunda qısa müddət ərzində beynəlxalq hava limanının inşa edildiyini, bir milyona yaxın azərbaycanlı məcburi köçkünün öz doğma yurdlarına təhlükəsiz qayıdışını təmin etmək üçün ardıcıl tədbirlərin görüldüyünü diqqətə çatdırıb.
Səfir Vətən müharibəsi günlərində bütün ölkələr, o cümlədən dost Mərakeş tərəfindən Azərbaycanın ərazi bütövlüyünə göstərilən dəstəyə görə minnətdarlığını ifadə edib, bunun daim hökumətimizin və xalqımızın yaddaşında qalacağını qeyd edib.
Sonra çıxış edən Azərbaycan-Mərakeş dostluq qrupunun katibi M.Fəqiri Azərbaycan və Mərakeş xalqları arasında dostluq əlaqələrinin daha da genişləndirilməsi istiqamətində var qüvvələrini əsirgəməyəcəklərini bildirib, Azərbaycan səfirliyi ilə əməkdaşlıq etməyə və hər bir işdə yardım göstərməyə hazır olduqlarını vurğulayıb.
Sonda iştirakçılar Anım Günü ilə əlaqədar səfirlikdə hazırlanmış guşə ilə tanış olublar.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Rabat