SİYASƏT
Vətən müharibəsi şəhidlərinin xatirəsi Peruda anılıb
Vaşinqton, 29 sentyabr, AZƏRTAC
27 sentyabr- Anım Günü ilə bağlı Azərbaycanın Perudakı səfirliyində tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə bu ölkədə akkreditə olunmuş diplomatik korpusun əməkdaşları, konqres nümayəndələri, XİN təmsilçiləri, Peruda yaşayan həmvətənlərimiz iştirak ediblər. Tədbirdə ilk olaraq vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra iştirakçılara Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-dən etibarən Silahlı Qüvvələrimizin başladığı əks-hücum əməliyyatları nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpa olunması, işğal altındakı torpaqlarımızın azad olunmasında əsgər və zabitlərimizin qəhrəmanlığı, eyni zamanda Ermənistan dövləti tərəfindən törədilən insanlıq əleyhinə və müharibə cinayətləri nəticəsində 44 günlük müharibə zamanı 100-ə yaxın mülki soydaşımızın qətlə yetirilməsi haqda məlumat verilib.
Həmçinin, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq və yenidənqurma işləri barədə məlumat verilərək, Azərbaycan tərəfindən regionda davamlı sülhə nail olmaq istiqamətində addımların atıldığı, lakin Ermənistan tərəfinin sülh prosesinə mane olmaq üçün mütəmadi olaraq müxtəlif təxribatlara əl atdığı bildirilib.
Mərasim zamanı qonaqlara Anım Günü münasibətilə video-çarx nümayiş olunub, kitabçalar paylanılıb, həmçinin Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş guşənin önünə gül dəstələri qoyulub.
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton