CƏMİYYƏT
Vətən müharibəsi şəhidlərinin xatirəsi cəzaçəkmə müəssisələrində yad edilib VİDEO
Bakı, 27 sentyabr, Nicat Məmmədov, AZƏRTAC
Vətən müharibəsində canından keçən Vətən övladlarının xatirəsi Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin bütün cəzaçəkmə müəssisələrində də anılıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi saat 12:00-da cəzaçəkmə müəssisələrində də bir dəqiqəlik sükutla yad edilib. Cəzaçəkmə müəssisələrindəki məscidlərdə şəhidlərimizin ruhuna dualar oxunub, namaz qılınıb və ehsan verilib.
Anım mərasimində Azərbaycan tarixinin ən şanlı səhifəsi olan 44 günlük Vətən müharibəsində qazanılan böyük Zəfərdən danışılıb. Bildirilib ki, bütün dünya ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan müqəddəs Vətən müharibəsində Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşməni cəmi 44 gün ərzində darmadağın etdiyini gördü. Bu şanlı Qələbə xalq-dövlət-ordu birliyinin sarsılmazlığını və qüdrətini nümayiş etdirdi. Xalqımız və qəhrəman Ordumuzun əsgər və zabitləri Vətən uğrunda canından və qanından keçməyə hazır olduğunu bütün dünyaya göstərdi. Çıxışlarda, həmçinin dünya hərb tarixində özünəməxsus yeri olan İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun döyüş taktikasının öyrənildiyi vurğulanıb.
Sonra Binə qəsəbəsində yerləşən cəzaçəkmə müəssisələrinin qarşısında şəhidlərimizin xatirəsinə ağacəkmə aksiyası keçirilib. Aksiya çərçivəsində 1000-dən çox ağac əkilib.