ELM VƏ TƏHSİL
Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan respublika turnirinin qalibləri mükafatlandırılıb
Bakı, 2 iyul, AZƏRTAC
İyulun 2-də Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan yeniyetmələr arasında respublika turnirinin mükafatlandırma mərasimi keçirilib. Tədbirdən öncə şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.
AZƏRTAC xəbər verir ki, tədbiri açan təhsil nazirinin müavini Firudin Qurbanov nazirlik tərəfindən hər il müxtəlif idman yarışlarının keçirildiyini qeyd edib. O vurğulayıb ki, builki yarışlar xüsusi ab-havada təşkil edildi. Çünki biz artıq qalib dövlətin vətəndaşlarıyıq. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz torpaqlarımızı işğaldan azad etdi, ərazi bütövlüyümüz bərpa olundu, Zəfər qazandıq. Azərbaycan dünyaya öz iqtisadi, hərbi gücünü göstərdi.
Nazir müavini diqqətə çatdırıb ki, Vətən müharibəsində igid oğullarımız şəhid, qazi oldu. Bu turnirin təşkilində məqsədimiz şəhidlərimizin xatirəsini yad etməkdir.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Məktəb İdmanı Federasiyasının prezidenti Sevinc Hüseynova və Vətən müharibəsi iştirakçısı Samir Muradov çıxışlarında gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsində belə yarışların keçirilməsinin xüsusi əhəmiyyətini vurğulayıblar.
Çıxışlardan sonra qalib komandalar və turnirin hakimləri təltif olunub, onlara kubok və hədiyyələr təqdim edilib.
Qeyd edək ki, 2021-ci ilin may-iyun aylarında Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyasının birgə əmrinə əsasən keçirilən turnirin məqsədi şəhidlərimizin xatirəsini əbədiləşdirmək, yeniyetmələr arasında vətənpərvərlik hissini gücləndirmək, şagirdləri sağlam həyat tərzinə istiqamətləndirmək, onların asudə vaxtının səmərəli təşkil etməkdən ibarət olub.
Turnirin proqramına uyğun olaraq Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən bütün rayon və şəhər ümumi təhsil müəssisələrinin şagirdləri minifutbol (13-14 yaş), atletika (13-14 yaş), voleybol (oğlanlar, 14-15 yaş), basketbol (oğlanlar,14-15 yaş) idman növləri üzrə yarışlarda mübarizə aparıblar.
Olimpiya sistemi üzrə təşkil olunan, zona və final mərhələsindən ibarət yarışlarda 2500-dək məktəbli iştirak edib.