ELM VƏ TƏHSİL
Vətən müharibəsi tarixi ədalətin təntənəsi, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir
Bakı, 27 sentyabr, AZƏRTAC
AMEA-nın Botanika İnstitutunda 27 sentyabr - Anım Gününə həsr olunan onlayn tədbir keçirilib. Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbiri bu elmi müəssisənin direktoru akademik Validə Əlizadə açaraq Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə 27 sentyabrın ölkəmizdə Anım Günü kimi qeyd edildiyini söyləyib. O vurğulayıb ki, 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan xalqı ordu və dövlətimizin ətrafında yumuruq kimi birləşərək həmrəylik göstərdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən torpaqlarımız düşməndən azad olundu. Şanlı Qələbənin qazanılması naminə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən daim ehtiramla anılacaq.
Tədbirdə institutun elmi işlər üzrə direktor müavini professor Eldar Novruzov və digər çıxış edənlər 44 günlük müharibədə cəmiyyətimizin nümayiş etdirdiyi səfərbərlikdən, Azərbaycan Ordusunun göstərdiyi şücaətdən danışıb, torpaqlarımızın işğaldan azad edilməsində, tarixi Qələbənin qazanılmasında şəhidlik zirvəsinə ucalmış qəhrəman Vətən övladlarından söz açıblar. Qeyd edilib ki, 44 günlük Vətən müharibəsi xeyirin şər üzərində qələbəsi, tarixi ədalətin təntənəsi, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir.
Tədbir Vətən müharibəsinə həsr olunmuş sənədli filmin nümayişi ilə başa çatıb.