ORDU
Vətən müharibəsi zamanı düşmənin müdafiə dərinliyindəki hərbi obyektləri kütləvi atəşlə məhv edilib
Bakı, 9 fevral, AZƏRTAC
Düşmən təxribatının qarşısının alınması məqsədilə ötən il sentyabrın 27-dən Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyi “Dəmir yumruq” adlı uğurlu əks-hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsi Azərbaycanın tam qələbəsi ilə başa çatdı. Vətən müharibəsi Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının kütləvi atəş zərbəsi ilə başlayıb.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının komandanı, general-mayor Ağamir Sultanov fevralın 9-da jurnalistlərə müsahibəsində deyib.
General bildirib ki, kütləvi atəş zərbəsi zamanı düşmənin müdafiə dərinliyində olan bütün hərbi obyektləri, o cümlədən hava hücumundan müdafiə, radioelektron mübarizə vasitələri, idarəetmə məntəqələri, reaktiv artilleriya və minaatan batareyaları, ehtiyatları ağır tələfata uğradılıb.