REGİONLAR
Vətən müharibəsində Mövlanovlar ailəsindən olan üç zabit qəhrəmanlıqla döyüşüb
Quba, 24 fevral, Elxan Yusifli, AZƏRTAC
44 günlük haqq savaşında şücaət göstərərək “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülən polkovnik Nizami Mövlanovla doğulub boya-başa çatdığı Quba rayonunun Utuq kəndində görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müharibə bitdikdən sonra ilk dəfə doğma kəndinə gələn Nizami Mövlanovla görüşə rayon rəhbərliyi və ziyalılar da qatılıb.
Dəniz səviyyəsindən 1400 metr yüksəklikdə yerləşən Utuq kəndi rayon mərkəzindən 80 kilometr məsafədədir. Çətin coğrafi relyefdə yerləşən bu kənddə səksənə yaxın ev var.
Ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlər göstərən Nizami Mövlanov Prezident İlham Əliyevin Sərəncamlarına əsasən “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə”, həmçinin 2019-cu ildə “İgidliyə görə” medalları ilə də təltif edilib.
Görüşdə bildirilib ki, sentyabrın 27-dən etibarən başlayan əks-hücum əməliyyatları Azərbaycanın hərbi qüdrətini göstərdi, yüksək döyüş bacarığını nümayiş etdirdi. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanının rəhbərliyi ilə rəşadətli Ordumuz cəmi 44 gün davam edən Vətən müharibəsi zamanı erməni ordusu haqqında uydurulan mifləri alt-üst etdi.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev böyük siyasi iradə nümayiş etdirərək Azərbaycanın qəti və dəyişməz mövqeyini ortaya qoydu, dövlətimizə qarşı yönələn bütün beynəlxalq təzyiqlərə sinə gərərək ölkəmizin ərazi bütövlüyü təmin edilənə qədər Ordumuzun döyüşləri davam etdirəcəyini qəti və əzmkar şəkildə bəyan etdi.
Bununla da döyüş meydanında şanlı tarix yazan Azərbaycan Ordusu ermənilərin 30 il ərzində qurduğu istehkamları qısa müddət ərzində darmadağın edərək, uğurlu əks-həmlə əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi.
Mövlanovlar ailəsinin digər üzvləri də Vətən müharibəsində yaxından iştirak edib. Nizami Mövlanovun qardaşı polkovnik-leytenant Tərlan Mövlanov Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən Vətən müharibəsində Qələbə münasibətilə “Azərbaycan Bayrağı” ordeni, “Ağdamın azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə, qardaşı oğlu, baş leytenant Laçın Mövlanov isə “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.