REGİONLAR
Vətən müharibəsində Zəfərin qazanılmasında səhiyyə işçilərinin də böyük payı var VİDEO
Bakı, 17 iyun, AZƏRTAC
Vətən müharibəsində Zəfərin qazanılmasında igid döyüşçülərimiz qədər onların yanında olan səhiyyə işçilərinin də böyük payı var. Budəfəki yazımızda bu gün peşə bayramlarını qeyd edən, yüzlərlə əsgər və zabitimizi həyata qaytaran lənkəranlı həkimlərdən bir neçəsi ilə tanış olacağıq.
AZƏRTAC xəbər verir ki, Vətən müharibəsinin Zəfərlə başa çatmasında ordumuzla yanaşı, heç şübhəsiz, şəfqətli əlləri olan fədakar həkimlərimizin də xüsusi rolu var. Belə həkimlərimizdən biri də 1978-ci ildə Lənkəran şəhərində doğulan Nazim Əflatdin oğlu Kəlbiyevdir. 1995-2001-ci illərdə Azərbaycan Tibb Universitetində müalicə-proflaktika ixsitsası üzrə təhsil alan Nazim Kəlbiyev artıq 20 ildir Lənkəran səhiyyəsində həkim-cərrah kimi çalışır. 2002-2004-cü illərdə Ağdamda yerləşən hərbi hissələrin birində tibb xidməti zabiti kimi Vətənə olan borcunu şərəflə yerinə yetirib. 2012-ci ildən Lənkəran Rayon Mərkəzi Xəstəxanasında ümumi cərrahiyyə şöbəsinin rəhbəri olan Nazim Kəlbiyev Vətən müahribəsi başlayan gündən Müzəffər Ordumuzun sıralarında tibb xidməti baş leytenantı kimi əlindən gələni əsirgəməyib. O, Füzuli, Horadiz, Hadrut istiqamətində gedən döyüşlərdə yaxından iştirak edərək, yüzlərlə yaralı hərbçimizin döyüş meydanından təxliyəsində və yenidən həyata qayıtmasında böyük fədakarlıq göstərib.
“Sevinirəm ki, biz qalib ölkənin, qalib həkimləriyik. Vətən müharibəsində qaynar nöqtələrdə olmuşam. Vəzifəmi də layiqincə yerinə yetirmişəm. Əlbəttə, müharibə olan yerdə şəhid də olur. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimiz arasında səhiyyə işçilərimiz də var”, - deyə Nazim Kəlbiyev bildirib.
Vətən müharibəsində ən qaynar nöqtələrdə xidmət edən daha bir həkimimiz isə Camalov Zaur Tarverdi oğludur. 1977-ci ildə Lənkəran şəhərində anadan olan Zaur Camalov 1994-2000-ci illərdə Azərbaycan Tibb Universitetində müalicə işi üzrə təhsil alıb. İyirmi ildən çoxdur lor həkimi çalışan Zaur Camalov da torpaqlarımızın düşmən işğalından azad olunmasında tibb xidməti kapitanı kimi elə ilk günlərdən fədakarlıqla xidmət edib. Füzuli, Cəbrayıl, Xocavənd və Hadrut uğrunda döyüşlərdə üzərinə düşən işin öhdəsindən layiqincə gəlib. Döyüş meydanında yaralanan əsgər və zabitlərimizə ilkin tibbi yardım göstərməklə yanaşı, cəbhədən-cəbhəyə adlayaraq onlarla hərbçimizin həyatını xilas edib.
Zaur Camalov deyib: “44 günlük Vətən müharibəsində iştirak etdiyimə görə şərəf duyuram. Müharibədə hər kəs evinə sağlam dönmədi, şəhidlərimiz oldu. Onların ruhları qarşısında baş əyirəm. Allah qazilərimizə də cansağlığı versin”.
Vətən müharibəsində digər hərbi qulluqçularla yanaşı, tibb işçiləri də böyük qəhrəmanlıq və şücaət göstəriblər. Müharibə zamanı 159 hərbi tibb işçisi yaralanıb. Onlardan 42 həkim, 37 feldşer və 26 sanitar şəhidlik zirvəsinə ucalıb. Bu gün peşə bayramlarını qeyd edən həkimlərimizi biz də təbrik edir, onlara çətin və məsuliyyətli işlərində uğurlar arzulayırıq.
Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, hər il iyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.