RƏSMİ SƏNƏDLƏR


“Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” Azərbaycan Respublikası medalının təsviri

Azərbaycan Respublikasının 2020-ci il
26 noyabr tarixli
Qanunu ilə təsdiq edilmişdir

Maddə 1. Medalın ümumi təsviri

“Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” Azərbaycan Respublikasının medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, xarici və daxili çevrələrlə konturlanmış, diametri 38 mm olan dairəvi lövhədən ibarətdir.

Maddə 2. Medalın ön tərəfi

2.1. Medalın ön tərəfində daxili və xarici çevrələrin arasında yuxarı qövs boyunca “VƏTƏN MÜHARİBƏSİNDƏ” sözləri, aşağı qövs boyunca “ARXA CƏBHƏDƏ XİDMƏTLƏRƏ GÖRƏ” sözləri yazılmışdır.

2.2. Daxili konturun mərkəzdən yuxarı hissəsində şaquli vəziyyətdə biri digərindən kiçik olmaqla bir-birinin üzərinə iki oval formalı lövhə yerləşdirilmişdir. Altdakı ovalın üzərində doğan günəş şüaları təsvir olunmuşdur. Kiçik ovalın üzərində tünd yaşıl minalı fonda alov təsvir olunmuşdur.

2.3. Daxili çevrə ilə oval lövhənin arasında sol və sağ tərəflərdə aşağıdan yuxarıya doğru oval lövhəni əhatə edən dəfnə çələngləri təsvir olunmuşdur.

2.4. Bütün elementlər və yazılar relyefli olaraq qabarıqdır.

Maddə 3. Medalın arxa tərəfi

Medalın arxa tərəfi hamar səthlidir, mərkəzində medalın seriyası və nömrəsi həkk olunmuşdur.

Maddə 4. Medalın elementləri

4.1. Medal paltara bərkidilmək üçün elementi olan 37 mm x 50 mm ölçülü tünd yaşıl rəngli beşbucaqlı xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir.

4.2. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin