CƏMİYYƏT


Vətən müharibəsində düşmənin 32 tankının və 6 avtomobilinin məhv edilməsində rəşadət göstərən zabit - Mirdamət Bağıyev

Bakı, 23 oktyabr, AZƏRTAC

O, həm Aprel döyüşlərinin, həm də 44 günlük Vətən müharibəsində əsl qəhrəmanlıq nümunələri göstərən igid döyüşçülərimizdəndir. İsrail istehsalı olan tank əleyhinə idarə edilən “Spayk” qurğusunu real döyüş şəraitində sınaqdan keçirən ilk hərbçimiz kimi tarixə düşüb. Həm Aprel döyüşlərində, həm də İkinci Qarabağ müharibəsində düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını məhv edərək adından söz etdirməyi bacarıb. Həmin igidimiz Azərbaycan Ordusunun mayoru, Vətən Müharibəsi Qəhrəmanı Mirdamət Bağıyevdir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Ordusunun zabiti Mirdamət Səristan oğlu Bağıyev 1986-cı ildə Qobustan rayonunun Poladlı kəndində anadan olub. Hələ kiçik yaşlarından hərbçi olmaq arzusu ilə yaşayan Mirdamət Bağıyev orta məktəbi bitirdikdən sonra 2003-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. O, hərbi təhsil ocağını artilleriyaçı kimi başa vuraraq Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzində təhsil almağa başlayıb. 2009-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonundakı N hərbi hissəsində xidmətə başlayıb. Təlim və məşqlərdə fəal iştirak edərək daim döyüş hazırlığını daha da artırıb.

2016-cı il Aprel döyüşləri Mirdamət Bağıyevin ilk mühüm sınaqlarından biri olub. Həmin döyüşlərdə igid zabit ermənilərin illərdir “keçilməz” adlandırdıqları “Ohanyan xətti”nin yarılmasında xüsusi qəhrəmanlıq nümayiş etdirib. Düşmən itirdiyi əraziləri geri qaytarmaq üçün tank taborunu döyüşə cəlb edəndə Mirdamət Bağıyev dəqiq mövqe seçərək “Spayk” qurğusu ilə düşmənin xeyli texnikasını sıradan çıxarıb. Bu döyüşdə təkcə Mirdamət Ermənistan ordusunun ümumilikdə 15 milyon ABŞ dolları dəyərində texnikalarını sıradan çıxarıb.

Batareya komandiri Aprel döyüşlərini belə xatırlayır: “Aprelin 1-də şəxsi heyətə elan olundu ki, ermənilər atəşkəs rejimini pozaraq postlarımıza basqın ediblər. Düşmənin təxribatının qarşısını almaq məqsədilə komandanlığın tapşırığı ilə şəxsi heyət Talış kəndi istiqamətində irəliləyərək mövqe tutdu. Sonra döyüş tapşırığına uyğun olaraq, düşməni məhv etmək üçün döyüşlərə atıldıq. Bir-bir mövqe dəyişərək, erməni qüvvələrinin 17 texnikasını və xeyli sayda şəxsi heyətini məhv etdik. Düşmən Azərbaycan əsgərinin gücünü görərək öz mövqelərini, silah-sursatını qoyub qaçdı. Beləliklə, strateji yüksəkliyi düşməndən azad etdik. Bir gün sonra döyüşdə yaralandım. Lakin bunu əsgərlərimdən gizlətdim və döyüşü davam etdirdim. Çünki illərdir həsrətində olduğumuz torpaqlara ayaq basmışdıq, mən yaralıyam deyə geri çəkilə bilməzdik. Ertəsi gün isə ermənilərin bir neçə tankını partlatdım. Ayın 7-dək öz mövqeyimdə qaldım. Mərhum general-mayor Polad Həşimov yaralandığımı bilib aşağı enməyinə göstəriş verdi. Yaralı vəziyyətdə döyüşdüm və yalnız döyüşlər səngiyəndən sonra müalicəyə getdim”.

Mirdamət Bağıyev Aprel döyüşlərində göstərdiyi qəhrəmanlığa, xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə “İgidliyə görə” medalı və düşmənin xeyli sayda zirehli texnika və avtomobilini məhv edərək göstərdiyi şücaətə görə “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Otuz beş yaşlı hərbi qulluqçumuz Vətən müharibəsində də üzərinə düşən tapşırıqların öhdəsindən layiqincə gəlib. Onun tabeliyində olan şəxsi heyət Tərtər rayonunun Talış kəndinin və Suqovuşan qəsəbəsinin azad olunmasında yaxından iştirak edib. Suqovuşan qəsəbəsinin azad edilməsi uğrunda gedən döyüşlərdə şücaəti ilə seçilən Quru Qoşunları mayoru Mirdamət Bağıyev Vətən müharibəsinin qəhrəmanlarından birinə çevrilib. Ümumilikdə İkinci Qarabağ müharibəsi dövründə təcrübəli zabitin iştirakı ilə keçirilən hərbi əməliyyatlar zamanı düşmənin 32 tankı, 6 avtomobili vurulub, 3 tankı qənimət götürülüb. Təəssüf ki, bu döyüşlərdə hərbi hissənin cəsarətli gizirləri Aslan Hüseynov, Ruslan Şahbazov və əsgər Abdulla Əhmədov şəhid olublar.

Mirdamət Bağıyev Tərtər rayonunun Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Prezident İlham Əliyevin 2020-ci il 29 dekabr tarixli Sərəncamına əsasən, “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

Azərbaycanın ərazi bütövlüyünün bərpasında xüsusi xidmətlərinə və işğal altındakı ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirilməsinə görə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2020-ci il 9 dekabr tarixli Sərəncamına əsasən, Mirdamət Bağıyevə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.

Xatırladaq ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 83 nəfər Vətən Müharibəsi Qəhrəmanı adı ilə təltif olunub. Həmin qəhrəmanlardan 34 nəfəri ölümündən sonra bu ada layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.