ELM VƏ TƏHSİL
Vətən müharibəsində qazanılan zəfər təhsil müəssisələrində qeyd olunub
Bakı, 19 noyabr, AZƏRTAC
Vətən müharibəsində qazanılan zəfərlə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində onlayn tədbirlər təşkil olunub.
Bu barədə AZƏRTAC-a Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, tədbirlərdə Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin və rəşadətli əsgərlərimizin qətiyyəti sayəsində torpaqlarımızın düşmən işğalından azad edildiyi qeyd olunub. Bu şanlı Qələbənin əldə edilməsində xalqımızın birliyi və həmrəyliyinin böyük rolu olduğu vurğulanıb.
Çıxış edənlər Prezident İlham Əliyevin müdrikliyi və böyük sərkərdəlik məharəti sayəsində cəmi 44 gün ərzində torpaqlarımızın azad edilməsi barədə şagirdlərə ətraflı məlumat veriblər.
Onlayn tədbirlərdə şagirdlər vətənpərvərlik mövzusunda şeirlər söyləyib, mahnılar ifa edib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər. Eləcə də şagirdlərin əl işlərindən ibarət onlayn sərgilər təşkil olunub.