CƏMİYYƏT


Vətən müharibəsində qazanılmış Zəfər ulu öndər Heydər Əliyevin uğurlu siyasətinin davam etdirilməsinin nəticəsidir

Bakı, 8 may, AZƏRTAC

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş onlayn tədbir keçirib.

Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən ombudsman Səbinə Əliyeva Heydər Əliyevin SSRİ dövründə yüksək vəzifələrdə çalışan azərbaycanlı olaraq ölkəmizin maraqları üçün gördüyü işlərdən danışıb. Səbinə Əliyeva Ümummilli Liderin müstəqillik dövründə hakimiyyətə qayıtmasından sonra o vaxt baş qaldırmış müxtəlif qruplar tərəfindən irəli sürülən parçalanma meyillərinin qarşısını almasının Azərbaycan tarixi üçün əhəmiyyətini diqqətə çatdırıb.

Qeyd edilib ki, ümummilli lider Heydər Əliyev Ermənistanın ölkəmizə təcavüzü nəticəsində formalaşmış bir milyondan artıq qaçqın və məcburi köçkün əhalinin problemlərinə hər zaman həssaslıqla yanaşıb. Ombudsman ölkəmizin ərazi bütövlüyünün pozulması faktının beynəlxalq səviyyədə tanıdılmasında, BMT-nin işğal faktını pisləyən dörd məlum qətnaməsinin qəbulunda Heydər Əliyevin göstərdiyi xidmətlərdən danışıb.

Ombudsman Azərbaycanda insan hüquq və azadlıqlarının təmin olunması sahəsində qanunvericilik sisteminin formalaşması və təkmilləşdirilməsində, həmçinin Ombudsman təsisatının yaradılmasında Ulu Öndərin xüsusi rolunu vurğulayıb. Ombudsman bildirib ki, müstəqilliyin ilk illərində ölkə Konstitusiyasının, habelə müxtəlif sahələrdə qanunvericilik aktlarının qəbulu müstəsna əhəmiyyət daşıyıb.

S.Əliyeva, həmçinin Ulu Öndərin gənclər siyasətindən danışıb, ixtisaslı gənc kadrların yetişdirilməsi məsələsinin diqqətdə saxlanıldığını qeyd edib.

Sonra çıxış edən Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı Heydər Əliyevin müstəqil Azərbaycanın inkişafında, ölkədə hüquq sahəsində aparılmış islahatlarda xüsusi rolu olduğunu bildirib. A.Səfixanlı Ulu Öndər tərəfindən İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının qəbulu, ölüm hökmünün ləğv edilməsinin qabaqcıl təcrübə kimi xüsusi önəmə malik olduğunu vurğulayıb.

Ombudsman Aparatının İnsan hüquqlarının müdafiəsi şöbəsinin müdiri Mehman Əmirəliyev çıxışında ölkədə hüquqi və iqtisadi sahədə inkişafın təmin olunmasında ulu öndər Heydər Əliyevin məqsədyönlü siyasətinin təsirləri barədə danışıb.

İnformasiya əldə etmək hüququ sektorunun aparıcı məsləhətçisi Elvin Hacıyev bildirib ki, Ulu Öndər qaçqın və məcburi köçkünlərin qayğılarını ölkənin əsas problemi kimi qəbul edib. O, Vətən müharibəsində qazanılmış Zəfərin ulu öndər Heydər Əliyevin uğurlu siyasətinin davam etdirilməsinin nəticəsi olduğunu vurğulayıb.

İqtisadi, sosial və mədəni hüquqların müdafiəsi sektorunun böyük məsləhətçisi Mikayıl Bayramov isə ölkənin iqtisadi cəhətdən gücləndirilməsi, neft-qaz layihələrinin reallaşdırılması, o cümlədən “Əsrin müqaviləsi”nin imzalanmasının önəmindən danışıb.

Yekunda Ombudsman ümummilli lider Heydər Əliyevin dövlətçilik ideyalarının yaşadılması üçün gənc nəslin tariximizi və onun irsini öyrənməsinin önəmli olduğunu vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.