REGİONLAR
Vətən müharibəsində qəhrəmanlıq göstərən şabranlı döyüşçülərə orden və medallar təqdim olunub
Şabran, 26 iyun, Elxan Yusifli, AZƏRTAC
Şabranda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən təltif edilən 23 şəhidin ailə üzvlərinə və 12 qaziyə orden və medallar təqdim olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 26 iyun -Silahlı Qüvvələr Günü münasibətilə təşkil olunan mərasimin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, ruhuna ehtiram nümayiş etdiriblər.
Mərasimdə Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şabran rayon şöbəsinin rəisi Xalid Abasov çıxış edərək Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun müstəqil dövlətimizin tarixinə parlaq, qürurverici, şanlı səhifə yazdığını qeyd ediblər. Bildirilib ki, 30 illik həsrətdən sonra doğma torpaqlara qovuşmaq naminə düşmən üzərində şanlı Qələbə qazanılıb. Müzəffər Ali Baş Komandan və güclü ordumuz xalqımızı arzu və istəklərinə qovuşdurub. Döyüşlərdə bütün dünyaya Azərbaycan xalqının əzmi, Azərbaycan Ordusunun döyüş qabiliyyəti nümayiş etdirilib.
Mükafatlandırılan qazilər və övladlarının təltiflərini alan şəhid valideynləri göstərilən diqqətə görə ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.