REGİONLAR
Vətən müharibəsində tarix yazan şəhidimiz
Sumqayıt, 25 yanvar, Ətrabə Rzayeva, AZƏRTAC
Azərbaycan Ordusu 44 günlük əks-hücum əməliyyatlarını müvəffəqiyyətlə tamamlayaraq, Şanlı Zəfər qazandı. İyirmi səkkiz illik həsrət qələbə ilə sona çatdı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz düşməni məhv edərək torpaqlarımızdan qovub çıxardı. Sözsüz, tarixi qələbəmiz unudulmaz şəhidlərimizin, qazilərimizin qanı, canı, mərdliyi ilə savaş meydanında qazanılıb.
Vətən müharibəsində tarix yazan şəhidlərdən biri də Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə (ölümündən sonra) təltif edilən Silahlı Qüvvələrinin əsgəri Cabbarov Akif Elxan oğludur.
Qarabağ müharibəsində qanı ilə tarix yazan igidimiz 1997-ci ildə Gədəbəy rayonunda dünyaya göz açıb, sonralar Şəmkirdə orta məktəbi bitirib. 2016-cı ildə əsgərliyə çağırılıb və elə həmin il anası Ayşanı itirib. Qəhrəmanımızın yaşadığı həyat heç də asan olmayıb, lakin hər igid kimi qəlbi Vətən eşqi ilə döyünüb.
General Polad Həşimovun ölümü onu çox sarsıdır və könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə yazılır. Sentyabrın 27-də Vətən müharibəsi başlayır. Akif də Vətən borcunu ödəmək üçün döyüşə qatılır.
Dayısı Möhübbət kişinin süfrəsi ətrafına yığışan Akifin xalaları - Maya, Aynurə, Xalidə, qonşuları Fəxriyyə və Nargilə AZƏRTAC–a öz qəhrəmanı ilə bağlı xatirələrini yada salır, onun şücaətindən ağız dolusu danışırlar...
“Akif əsgərlikdə olduğu zaman Aprel döyüşlərində iştirak edib. O, hər zaman torpaqlarımızın azad olması üçün sona qədər döyüşməyə hazıram deyərdi. Dedi və elə sözünə də sadiq çıxdı”, - bu sözləri göz yaşlarını boğaraq Akifə analıq şəfqəti göstərən, artıq iki əzizi şəhidlik zirvəsinə ucalan Maya xalası deyir. Onun da həyat yoldaşı Həsənov Sərdar Rəşid oğlu 1994-cü ildə Ağdərə döyüşlərində şəhid olub.
Müharibənin ilk günləri tez-tez zəng edirdi evə, hamını bir–bir soruşardı. Ümumiyyətlə, Akif çox istiqanlı və qayğıkeş övlad olub. Suqovuşan, Füzuli uğrunda döyüşlərdə iştirak edib.
Akif Füzuli rayonunda şəhid olub və Sumqayıtdakı Şəhidlər xiyabanında dəfn edilib.