CƏMİYYƏT
Vətən müharibəsində yaralanmış daha üç qazi yüksək texnologiyalı protezlərlə təmin edilib VİDEO
Bakı, 3 fevral, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial dəstək tədbirləri çərçivəsində Vətən müharibəsi qazilərinin yüksək texnologiyalı protezlərlə təminatı davam edir. Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində müharibədə yaralanmış daha üç qazimiz - Ziya Ağami oğlu Kazımov, Rəşad Amin oğlu Əliyev və Kənan Nadir oğlu Musayev yüksək texnologiyalı protezlərlə təmin ediliblər.
AZƏRTAC xəbər verir ki, agentliyin sədri Cavid Əbdül-Qədirov həmin qazilərlə görüşüb. O, Prezident İlham Əliyevin müharibə iştirakçılarına xüsusi qayğısından bəhs edib, bu qayğının daha bir təzahürü kimi, dövlət başçısının müvafiq Sərəncamı ilə Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində yüksək texnologiyalı protezlərin hazırlanması sexinin qurulduğunu deyib. Bildirib ki, ötən ilin dekabr ayından müasir protezlərlə təminat həyata keçirilir və artıq 10 qazimiz 11 müasir protezlə təmin olunub.
Görüşdə müasir protezlərin üstünlükləri barədə məlumat verilərək qeyd edilib ki, dünyanın məşhur protez istehsalçılarından olan “OTTO BOKK” şirkəti (Almaniya) ilə əməkdaşlıq şəraitində yaradılan sexdə “Genium” sistemi üzrə protezlər hazırlanır. Bu protezlər yüksək aktivlik və funksionallıq dərəcəsi olmaqla, elektron oynaq əsasında hərəkətin tam və daha dəqiq tənzimlənməsinə, sabit, təhlükəsiz və inamlı, rahat hərəkətə imkan verir.
Sonra C.Əbdül-Qədirov tibbi-sosial ekspertiza və reabilitasiya sahəsində görülən işlər və hədəflərə dair mətbuat konfransı keçirib.
Agentlik sədri reabilitasiya sisteminin müasirləşdirilməsi işlərinin davam etdirildiyini bildirib. Onun dediyinə görə, ötən il Lənkəran, Xaçmaz, Şirvan, Şəki, Sumqayıt, Göygöl şəhər və rayonlarındakı reabilitasiya və sosial xidmət müəssisələri də əsaslı şəkildə təmir olunaraq və yenidən qurularaq istifadəyə verilib. Qazilərimizin səmərəli tibbi-sosial reabilitasiya xidmətləri ilə əhatə olunması üçün son illərdə müasir reabilitasiya infrastrukturu yaradılıb. Bu il üçün 4 müasir reabilitasiya və sosial xidmət müəssisəsi də açılacaq.
C.Əbdül-Qədirov ötən il əlilliyi olan 11344 şəxsin, o cümlədən, müharibə ilə əlaqədar əlilliyi olan 1648 şəxsin protez-ortopedik bərpa xidməti ilə təmin olunduğunu bildirib. Ümumilikdə əlilliyi olan şəxslərə 35 min reabilitasiya vasitəsinin verildiyini deyib. O, postmüharibə dövründə də qazilərin ehtiyaclarına uyğun reabilitasiya vasitələri, sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin olunduqlarını bildirib.
Əlilliyin qiymətləndirilməsi sahəsində ötən il aparılan işləri diqqətə çatdıran Agentlik sədri əlillik təyinatlarının elektron sistem üzərindən şəffaf şəkildə aparıldığını, tibbi-sosial ekspertiza və reabilitasiya sahəsində e-texnologiyaların tətbiqi işlərinin davam edəcəyini vurğulayıb. O, ölkəmizin ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət almış hərbi qulluqçuların tibbi-sosial ekspertizasından da bəhs edib və Nazirlər Kabinetinin Qərarı əsasında yaradılmış komissiya tərəfindən bu sahədə operativ, vaxtında, keyfiyyətlə, mərkəzləşmiş şəkildə işlər aparıldığını diqqətə çatdırıb.