CƏMİYYƏT


Vətən müharibəsində yaxın qohumu şəhid olan məhkumlara cəzaçəkmə müəssisələrində qayğı göstərilir

Bakı, 25 yanvar, AZƏRTAC 

Ötən il Ədliyyə Nazirliyində cəzaların icrası ilə bağlı mühüm işlər görülüb. Məhkum olunmuş bütün şəxslərin hüquqlarının qorunması üçün tədbirlər həyata keçirilib. COVID-19 infeksiyasının yayılması ilə bağlı monitorinq qrupu daim fəaliyyət göstərib, müəssisələrə baş çəkilib, məhkumların saxlanma şəraiti, tibbi ləvazimatla təminatı, qida təminatı ilə bağlı məsələlər həll olunub.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Ədliyyə Nazirliyinin 2020-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında nazirliyin cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov deyib.

Malik Ələkbərov məlumat verib ki, ötən il cinayət törədən şəxslərin bağışlanması üçün amnistiya elan olunub. İndiyədək amnistiya və əfv sərəncamları ilə səkkiz mindən çox şəxs azadlığa buraxılıb. Koronavirusun geniş yayılmasına görə, dövlətimizin başçısının müvafiq Sərəncamı ilə 176 məhkum yaşı və səhhəti ilə əlaqədar azadlığa buraxılıb. Bundan başqa, insan hüquqlarının müdafiəsinə xüsusi diqqət yetirilib, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində addımlar atılıb. Penitensiar və probasiya xidmətləri tərəfindən 1884 məhkum barədə sənədlər məhkəmələrə göndərilib. Bunun 91 faizinə baxılıb, nəticədə 334 məhkum azad edilib, 591 məhkumun cəza müddətləri azaldılıb.

Diqqətə çatdırılıb ki, Vətən müharibəsində yaxın qohumu şəhid olan məhkumlara müəssisələrdə xüsusi qayğı göstərilir. Otuzdan çox məhkum var ki, onların yaxın qohumları şəhid olub. Onların bir hissəsi şərti azadlığa buraxılıb, bir hissəsi cəzadan azad olunub, bir nəfərin isə oğlunun dəfn mərasimində iştirakı təmin edilib.

Vurğulanıb ki, cəzadan azad edilmiş məhkumlar tərəfindən 115 min manat vəsait dövlətə və vətəndaşlara dəymiş ziyan kimi ödənilib. Penitensiar Xidmətdə yaradılan komissiya pandemiya şəraitinə baxmayaraq işini davam etdirib. Ötən il 2072 məhkum cəzadan şərti azad edilib. Eyni zamanda, həkim-ekspert komissiyası tərəfindən ağır xəstəliyə görə 10 nəfər azadlığa buraxılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.