CƏMİYYƏT


Vətən müharibəsindəki Qələbə xalq, lider və ordu birliyi sayəsində qazanılıb

Bakı, 27 sentyabr, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında 27 sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə FHN-in Akademiyasının rəisi general-mayor Baba Salayev, Milli Məclisin deputatı, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, ali təhsil ocağının professor-müəllim heyəti və kursantlar iştirak edib.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbirdə çıxış edən Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi general-mayor Baba Salayev qeyd edib ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı başlayan növbəti hərbi təcavüzünə cavab olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə rəşadətli Azərbaycan Ordusu genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb və cəmi 44 gün ərzində düşmən üzərində qətiyyətli Qələbə qazanıb.

B.Salayev bu tarixi uğura görə qəhrəman şəhidlərimizə, qazilərimizə və Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevə borclu olduğumuzu söyləyib. Qəhrəman şəhidlərimizin qanı bahasına başa gəlmiş bu Qələbə ilə Azərbaycan xalqı misli görünməmiş şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut edib.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Musa Quliyev böyük Zəfərlə başa çatan Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətindən bəhs edib. Bildirib ki, bizim bu gün qalib ölkə olmağımız dövlətimizin başçısının həyata keçirdiyi düşünülmüş və uzaqgörən siyasətin, vaxtında atılan müdrik addımların nəticəsidir. Qələbəni xalq, lider və ordu birliyi qazanıb. Bu dövrdə xalqın hər bir nümayəndəsi Orduya öz töhfəsini verib. O, gənclərin də üzərinə böyük məsuliyyətin düşdüyünü diqqətə çatdırıb, 44 günlük savaşda gənclərin rolunun həlledici xarakter daşıdığını diqqətə çatdırıb.

Sonra Akademiyanın “Həyat fəaliyyətinin təhlükəsizliyi” fakültəsinin üçüncü kursunun kursantı Cəsur İsgəndərli Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsində qazanılan Zəfərdən, Azərbaycan xalqının birliyindən, Ordumuzun qüdrətindən və qəhrəman oğulların igidliyindən danışıb.

Tədbir zamanı böyük Zəfərə həsr olunan videoçarx nümayiş etdirilib.

Qeyd edək ki, Anım Günü saat 12:00-da Akademiyanın ərazisində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.