CƏMİYYƏT


Vətən müharibəsinə həsr edilən kitabın ingilis dilində nəşrinin təqdimatı olub

Bakı, 17 aprel, AZƏRTAC

Heydər Əliyev adına Müasir Təhsil Kompleksində (MTK) Bakı Şəhər İcra Hakimiyyəti və MTK-nın birgə təşkilatçılığı ilə "Vətən müharibəsi tarixi: Şəxsiyyət faktoru" kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib. Tədbirdə BŞİH-nin məsul əməkdaşları, kompleksin müəllim və şagirdləri iştirak ediblər.

Şəhər icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, tədbirin əvvəlində iştirakçıların ifasında Dövlət Himnimiz oxunub, sonra vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Vətən müharibəsində qazanılan şanlı Qələbəyə həsr edilən videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən Müasir Təhsil Kompleksinin direktoru Aygün Mikayılova Qarabağ həqiqətləri və 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbənin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayacaq kitabın əhəmiyyətindən söz açdı.

Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdiri Elmin İmanov qeyd edib ki, kitab şəhər icra hakimiyyətinin və Tarix İnstitutunun birgə layihəsidir. Bildirildi ki, kitab Azərbaycan, rus və türk dillərində çap edilib, ərəb və fars dillərində nəşrlərə hazırlıq görülür və bu gün artıq kitabın ingilis dilində nəşrinin təqdimatı keçirilir. E.İmanov deyib ki, Vətən müharibəsində qazanılan şanlı Qələbə dövlətimizin başçısı İlham Əliyevin dahi intellekti və müdrik sərkərdəlik qabiliyyəti sayəsində əldə olunub. Bu da tarixdə şəxsiyyət amilini bir daha sübut edir. Kitabın ingilis dilində çap edilməsi dünyanın bir çox ölkələrində yaşayanların bu müharibə ilə bağlı düzgün məlumat almasına kömək edəcəkdir.

Daha sonra çıxış edən MTK-nın şagirdləri Janel Tağıyeva, Leyla Qasımova və Aydan Abbaslı kitabdakı məqalələr və onların məzmunu barədə məlumat verdilər, Banu Dəvəli, Banu Həbibbəyli, Həşim Sadıqov, Kamran İbrahim, Leyla Qasımova və Əli Əliyev kitabdakı bir sıra məqalələri təhlil ediblər.

Qeyd edək ki, kitab Vətən müharibəsinin əvvəlindən hazırkı dövrə kimi olan bütün mərhələləri əhatə edir və qazanılan şanlı Qələbə müəlliflər tərəfindən ətraflı araşdırılıb. Kitaba tarixçi alimlərin, hərbçilərin, Milli Məclisin deputatlarının, tanınmış jurnalistlərin Vətən müharibəsi ilə bağlı yazıları daxil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.