CƏMİYYƏT
Vətən müharibəsinin iştirakçısı: Türkiyəli psixoloqların qəbulundan sonra özümü daha yaxşı hiss edirəm
Bakı, 18 fevral, AZƏRTAC
Vətən müharibəsi başladıqdan iki gün sonra - sentyabrın 29-da döyüşlərə yollandım. Füzuli, Cəbrayıl, Xocavənd və Hadrut istiqamətində gedən döyüşlərdə iştirak etmişəm. Oktyabrın 9-da Cəbrayılda düşmənin hərbi hissəsinin ələ keçirilməsi uğrunda döyüşlər zamanı oranı ələ keçirdik. Döyüş yoldaşlarımın arasında mənə ən çox yaxın olan silahdaşım şəhid Rafiq Heydərov idi. Biz onunla yaxın dost olmuşduq. Onunla çiyin-çiyinə döyüşürdük, birlikdə düşmənin xeyli canlı qüvvəsini məhv etmişdik. Oktyabrın 24-də Xocavənd rayonunun Tuğ kəndində yaralandım. Yaralandığım yerdə təxminən 28 saat qalmışdım. Səhər əsgər yoldaşlarım məni həmin yerdən çıxardılar.
AZƏRTAC xəbər verir ki, bunu Vətən müharibəsinin iştirakçısı Ömər Əmiraslanov fevralın 18-də jurnalistlərə müsahibəsində deyib.
Müharibədən sonra bəzi psixoloji problemlərinin olduğunu deyən qazi bildirib: “Gecələr yata bilmirdim. Şəhid olan dostum Rafiq Heydərovu və digər döyüş yoldaşlarımı hər gecə yuxumda görürdüm. Fövqəladə Hallar Nazirliyinin Türkiyədən Bakıya dəvət etdiyi psixoloqlar barədə xəbəri dostumdan eşitdim və nazirliyin 112 - qaynar xəttinə zəng edib qeydiyyatdan keçdim. Üç seansdır türkiyəli psixoloqların qəbuluna gəlirəm. Artıq yuxu rejimim normaldır. Özümü psixoloji cəhətdən daha yaxşı hiss edirəm. Müalicə prosedurlarım isə yekunlaşmaq üzrədir”.