CƏMİYYƏT
Vətən müharibəsinin qazisi: Öz ayağımla Şuşaya gedib onun gözəlliyini görmək ən böyük arzumdur
Bakı, 11 iyun, AZƏRTAC
Quba rayonu, Aşağı Tüləkəran kənd sakini Elşən Həmidov ötən il Vətən qarşısında əsgəri borcunu yerinə yetirəndən sonra Milli Ordu sıralarında müddətdən artıq hərbi xidmət edib. Sentyabrda erməni hərbi birləşmələrinin təxribatlarına cavab verən Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarında iştirak edib. Tankçı Elşən Həmidovun döyüş yolu Füzuli rayonundan başlanılıb, Cəbrayıl və Xocavənd rayonlarının kəndlərinin azad edilməsindən keçərək Şuşaya qədər uzanıb. Noyabrın 2-də Şuşa istiqamətində gedən döyüşlərdə ayağından yaralanıb.
Elşən AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “Döyüş əməliyyatları zamanı ağır yara aldım və təxliyə olunaraq əvvəl Füzuliyə, oradan da Ağcabədiyə göndərildim. Həkimlər sağ ayağımın üçdə bir hissəsini amputasiya etdilər. Daha sonra Gəncədəki A. Səhhət adına 1 nömrəli şəhər xəstəxanasında müalicə olunmuşam. Son bir həftədir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində müalicə alıram. Bir neçə gündür ki, müasir son nəsil protezi ilə təmin olunmuşam. Artıq yavaş-yavaş protezlə hərəkət etməyə öyrəşirəm. Heç kimdən asılı olmadan sərbəst hərəkət etmək çox böyük nemətdir. Bu diqqət və qayğıya görə dövlətimizə, bizi hər cür qayğı ilə əhatə edən həkimlərə çox-çox minnətdaram”.
Vətən müharibəsi qazısı öz arzusunu da dilə gətirib: “Tam sərbəst yeriməyə başlayandan sonra Şuşaya getmək, Azərbaycanın bu gözəl və dilbər guşəsini ziyarət etmək istəyirəm. Ayağımı itirdiyim, qanım tökülən bu torpaq və onun hər qarışı mənim üçün çox əzizdir. Şuşanı gəzib-dolaşmaq, o yerlərin füsunkar mənzərələrinə tamaşa etmək, xəyalən ötən günlərə qayıtmaq istəyirəm”.