SİYASƏT


Vətən müharibəsinin salnaməsi: 2 oktyabr

Bakı, 2 oktyabr, AZƏRTAC

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. İgid döyüşçülərimiz 44 gün dayanmadan irəlilədilər və otuz il işğal altında qalan torpaqlarımızı azad edərək qəhrəmanlıq dastanı yazdılar.

AZƏRTAC 44 günlük Vətən müharibəsinin gedişini xronoloji ardıcıllıqla təqdim edir.

Müharibənin 6-cı günü

• Azərbaycan Ordusu əks-hücum əməliyyatlarını cəbhənin bütün istiqamətlərində uğurla davam etdirib. Müdafiə Nazirliyinin məlumatına görə, Ağdərə istiqamətində Madagiz ətrafındakı strateji yüksəkliklər düşməndən azad olunub. Cəbrayıl-Füzuli istiqamətində qoşunlarımız düşmənin müqavimətini qıraraq onu geri çəkilməyə məcbur edib. Ordumuz Murov dağı istiqamətində də əməliyyat şəraitini tam nəzarətə götürüb. Əməliyyatların gedişində düşmənin 5 zirehli və avtomobil texnikası, 3 hərbi infrastruktur obyekti və xeyli sayda canlı qüvvəsi məhv edilib. Bundan başqa, dayaq məntəqəsinə silah-sursat çatdıran texnikalar bölmələrimiz tərəfindən sıradan çıxarılıb.

• Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 2-də “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib. Dövlətimizin başçısı müsahibəsində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatları və Azərbaycan Ordusunun həyata keçirdiyi əks-həmlə əməliyyatı, habelə münaqişə barədə sualları cavablandırıb.

• Ermənistan silahlı qüvvələrinin 193-cü desant həmlə taborunun hava endirim komanda birliyinin döyüş bayrağı ələ keçirilib.

• Düşmən ordusuna məxsus ondan çox texnika, o cümlədən “URAL” markalı hərbi maşınlarında silah-sursat, geyimlər, əsgər ləvazimatları aşkarlanıb. Texnikaların əksəriyyəti istifadəyə yararlıdır.

• Müdafiə Nazirliyi düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsinə dair yeni görüntüləri paylaşıb.

AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbirləri xəbər verib ki, Ermənistan ordusunun bölmələri Ağdamın Birinci Alıbəyli qəsəbəsini, Goranboy rayonunun Səfikürd kəndini, Ağcabədi rayonunun Hacılar kəndini, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini və digər yaşayış məntəqələrini ağır silahlardan atəşə tutublar. Bu müharibə cinayətləri nəticəsində onlarla ev və infrastruktur obyekti dağılıb, yaxud ziyan çəkib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.