CƏMİYYƏT
Vətən müharibəsinin yeganə xanım şəhidi Arəstə Baxışovanın ailəsi ziyarət edilib
Bakı, 5 dekabr, AZƏRTAC
Dekabrın 4-də Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatı (ADPU TGT) nəzdində fəaliyyət göstərən Tarix klubunun təşkilatçılığı ilə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan xanım şəhidimiz, ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin məzunu Arəstə Baxışovanın ailəsi ziyarət olunub.
Universitetin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı ADPU TGT Tarix klubunun rəhbəri Gülpəri Məmmədli Arəstə Baxışovanın portretini şəhidin anasına təqdim edib. Şəhidin anası Məktubə Baxışova onun həyatından, tələbəlik illərindən, keçdiyi döyüş yolundan, Vətənə olan dərin məhəbbətindən danışıb, şəhid haqqında tələbələri maraqlandıran sualları cavablandırıb.