MƏDƏNİYYƏT
“Vətən nəğməsi” layihəsinə başlanılıb
Bakı, 11 iyun, AZƏRTAC
“Vətən nəğməsi”- Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə Milli Konservatoriyanın 15 İyun – Milli Qurtuluş Gününə həsr etdiyi yeni müştərək layihə belə adlanır.
QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, çəkilişləri iyunun 11-də Milli Konservatoriya ərazisində aparılan layihədə AzTV-nin Niyazi adına Simfonik Orkestri və Cahangir Cahangirov adına Xoru, Azərbaycan Dövlət Akademik Filarmoniyasının nəzdindəki Dövlət Rəqs Ansamblı, “Natiq” ritm qrupu, tanınmış incəsənət xadimləri, Milli Konservatoriyanın professor-müəllim heyəti, orta məktəblərin müəllim və şagirdləri iştirak ediblər.
Musiqisi Tofiq Quliyevin, sözləri Vaqif Nəsibin olan “Vətən nəğməsi”ni Əməkdar Artist Ramil Qasımov səsləndirib. Layihənin ideya müəllifi Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədri Arif Alışanov, musiqi rəhbəri Xalq Artisti, Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi, quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Etibar Babayev, səs rejissoru Faiq Babayevdir.
Xatırladaq ki, bu, AzTV-nin son aylarda reallaşdırdığı üçüncü layihədir. Aprelin 12-də “Zəfərə doğru”, iyunun 1-də isə “Körpələrin səsi” klipləri tamaşaçılara təqdim olunub.