CƏMİYYƏT
Vətən qarşısında xidməti olan heç kəs dövlətin diqqətindən kənarda qalmır
Bakı, 2 avqust, AZƏRTAC
Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsi sosial islahatların növbəti mərhələsi, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən qarşısında xidmətləri olan şəxslərə göstərilən diqqət və qayğının daha bir nümunəsidir. Davamlı və ardıcıl xarakter daşıyan həmin islahatlardan yararlanan əhali kateqoriyasının sayı getdikcə artır.
Bu fikirləri AZƏRTAC-a verdiyi müsahibədə “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə bildirib.
"Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında" Fərmanın icrasına başlanılması təkcə müharibə iştirakçıları, Vətən torpağının müdafiəçiləri arasında deyil, ümumən cəmiyyətdə çox böyük rezonans doğurub. Fərmanın icrası üçün tərtib olunan qaydalarda xüsusi məqam ondan ibarətdir ki, 1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçular bu imkandan yararlanacaq.
Həmin məqamı xüsusi qeyd edən İctimai Birliyin sədri deyib: “Hətta ilkin mərhələdə əlilliyi olan şəxs, sonradan müalicə nəticəsində sağlamlığını bərpa edibsə də, bu Fərmandan yararlana biləcək. Digər bir məqam isə ondan ibarətdir ki, həmin dövrdə xidmət nəticəsində əlilliyi olan şəxs sonradan vəfat edibsə, onun vərəsələri bu vəsaiti ala biləcək. Daha bir məqamı da vurğulamağa dəyər: əlilliyi olan şəxs həmin dövrdə olan məbləği alıbsa, həmin vəsaitlə indiki vəsait arasındakı fərq də ödəniləcək”.
“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən artıq Birinci Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslərin bazası hazırlanıb. Həmin şəxslər onlayn platformaya daxil olmaqla həmin siyahıda öz adlarını yoxlaya bilərlər. Nazirlik tərəfindən artıq bir neçə ildir ki, müxtəlif sahələrdə proaktiv xidmətlərin göstərilməsi həyata keçirilir. Bu da vətəndaşların rahatlığı və eyni zamanda, müasir dövrdə dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsi baxımından çox vacib məqamdır. Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsi, eyni zamanda, onu göstərir ki, dövlət vətəndaşın hansı dövrdə silaha sarılıb doğma torpağın müdafiəsinə qalxmasından asılı olmayaraq ona eyni dərəcədə yüksək diqqətlə yanaşır”, - deyə C.Hüseynzadə bildirib.