Vətən sevgisi, Azərbaycan əsgərinə böyük inam – düşmənin artilleriya atəşinə tutduğu Qaşaltı Qaraqoyunlu kəndindən reportaj









Naftalan, 3 oktyabr, Məhərrəm Əlioğlu, AZƏRTAC
Sentyabrın 27-si səhər saatlarından Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.
AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri xəbər verir ki, beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobudcasına pozan Ermənistan silahlı qüvvələri Azərbaycanın mülki əhalisini və kəndlərini mütəmadi atəşə tutur.
Azərbaycan Ordusunun gücü və qüdrəti qarşısında aciz qalan düşmən vətəndaşlarımızın sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi evləri, təsərrüfatları ağır artilleriya qurğularından atəşə tutaraq dinc əhalinin əmlakına ciddi ziyan vururlar. Bu hərəkətləri ilə düşmən barbarlığını, faşistliyini bir daha sübut edir.
AZƏRTAC-ın çəkiliş qrupu son günlər düşmənin mütəmadi artilleriya atəşinə məruz qoyduğu Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kəndində olub, sakinlərlə söhbət edib.
Kənd sakini Kərəm Yusifov bildirib ki, düşmən Azərbaycan əsgəri ilə üz-üzə döyüşə bilmir, ona görə də yaşayış məntəqələrinə ağır artilleriya atəşi açır: “Ermənilərin o qədər cəsarəti yoxdur ki, Azərbaycan əsgəri ilə qarşı-qarşıya mübarizə aparsınlar. Onların məqsədləri ancaq dinc sakinləri qorxutmaq, onlara ziyan vurmaqdan ibarətdir. Bu isə bizi qorxutmur. Biz hamımız ordumuza güvənirik. Cəsarətli oğullarımız qabaqdadır, mənfur erməniləri məhv edirlər. Qəhrəmanlarımız hər gün irəliləyirlər. Qarabağ əzəldən bizim torpağımız olub, bizimdə olacaq. İnşallah ordumuz mədəniyyət mərkəzimiz olan Şuşaya, Xankəndinə Azərbaycan bayrağını sancacaqlar. Ermənilər artıq məğlub olduqlarını bilirlər. Ədalət bizim tərəfimizdədir. Var olsun ordumuz, Prezidentimiz. Biz onlara güvənirik".
Bəylər Qocayev də kənddə ab-havanın çox yüksək olduğunu deyib. “Biz öz torpaqlarımızı heç kimə verəsi deyilik. Bütün sakinlər kənddədir və heç yana getməyiblər, gündəlik təsərrüfatları ilə məşğul olurlar. Demək istəyirəm ki, faşist Ermənistan ordusu biz mülki əhalini nə qədər atəşə tutsa da, bu, bizi qorxutmur. Biz kənd sakinlərinin hamısı torpaqlarımızın müdafiəsinə hazırıq. Biz Ordumuza və Ali Baş Komandanımıza inanırıq. Yəqin ki, qısa müddətdə hər şey yoluna düşəcək. Azərbaycan Ordusu ərazi bütövlüyümüzü təmin edəcək. Biz qələbə əzmi ilə yaşayırıq”.
Düşmənin ağır artilleriya atəşi nəticəsində evi dağılan kənd sakini Səmayə Babayevaya ilə söhbət zamanı o, Azərbaycan əsgərinə güvəninin sonsuz olduğunu deyib: “Ön xətdə düşmənə qan udduran hərbçilərimizin hamısı mənim balalarımdır. Azərbaycan əsgərinin bayrağımızı Qarabağda, Şuşada dalğalandıracağı günü səbirsizliklə gözləyirəm. Düşmən artilleriya zərbəsi ilə mənimi evimi də dağıdıb. Amma biz sakinlər düşməndən qorxmuruq. Çünki əhali güclü Azərbaycan Ordusuna arxalanır, kəndimizi tərk etməyi düşünmür. Heç kim evindən çıxmayıb. Allah haqqın yanındadır. Biz bir qarış torpağımızı da düşmənə verməyəcəyik. Çünki, Vətən bölünməzdir. Vətən uğurunda həlak olan şəhidlər ölmür. Həmişə insanların qəlbində yaşayır və yaşayacaqdır. Allah ordumuzu, Prezidentimizi, Vətənimizi qorusun".
Qeyd edək ki, sentyabrın 27-dən bu günədək Qaşaltı Qaraqoyunlu kəndinə onlarla mərmi düşüb, evlər dağılıb. Kənd sakini Qurbanov Elbrus İsa oğlu və onun 4 ailə üzvü olmaqla, bütövlüklə bir ailə, o cümlədən uşaqlar həlak olub.
Bundan başqa, Ermənistan ordusunun bölmələrinin atdığı bir neçə mərmi əkin sahələrinə düşüb, infrastruktura ziyan dəyib.