REGİONLAR
Vətən uğrunda ölüm həyatın davamıdır - şəhid Akif Mahmudovun xatirəsi anılıb
Sumqayıt, 17 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Sumqayıtın Tarixi Muzeyində Milli Ordumuzun qəhrəman döyüşçüsü şəhid Akif Mahmudovun xatirəsi anılıb.
“Vətən uğrunda ölüm həyatın davamıdır” adlı anım mərasimində şəhidin ailə üzvləri, yaxınları SOCAR-ın “Azərkimya” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fikrət Əliyev, YAP Sumqayıt Şəhər Təşkilatı Qadınlar Şurasının sədr müavini Nəzakət Dadaşova, Sumqayıt Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Eldar Hüseynov, şəhidin vaxtilə təhsil aldığı 16 saylı tam orta məktəbin və “Təfəkkür” liseyinin müəllim və şagird heyəti, Qubadlı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə muzeyin “Şəhidlər qalereyası”nda sumqayıtlı şəhidlərin foto və sənədlərinin, əşyalarının toplandığı ekspozisiya ilə tanış olublar.
Sonra muzeyin konfrans zalında keçirilən tədbirdə şəhidin həyatı və şərəfli döyüş yolu haqqında ətraflı məlumat verilib. Bildirilib ki, qəhrəman döyüşçü 2005-ci ildə Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə “Azərbaycan bayrağı” ordeni ilə təltif olunub.
Daha sonra məktəblilərin ifasında şeirlər səslənib, şəhidin şəxsi arxivi əsasında tərtib olunmuş sərgi və mövzu ilə əlaqədar videoçarx nümayiş etdirilib.