CƏMİYYƏT


Vətən uğrunda savaşmaq şərəfdir

İstanbul, 11 oktyabr, AZƏRTAC

Vətən uğrunda savaşmaq şərəfdir. Vətənimin işğaldan azad edilməsində kiçik də olsa rolum olduğu üçün çox qürurluyam. Biz torpaqlarımızı geri qaytarmaqla yanaşı həm də illər boyu erməni zorakılığına, soyqırımlara məruz qalan bacı-qardaşlarımızın intiqamını aldıq. Bu hiss insana bütün çətinlikləri unutdurur...

Bunu AZƏRTAC-a müsahibəsində “YAŞAT” Fondunun dəstəyi ilə Türkiyədə müalicə alan qazimiz Elmar Nəsirov deyib.

2001-ci ildə Goranboy rayonunun Borsunlu kəndində anadan olan qazimiz 2020-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılıb: “Sentyabrın 27-də başlayaraq oktyabrın 26-dək Vətən müharibəsi döyüşlərində iştirak etdim. Oktyabrın 26-da isə Füzuli-Xocavənd istiqamətində gedən döyüşlərdə Xocavəndin girişində yaralandım. Ərazini azad etdik, lakin burada qalan bir erməni əsgəri mənə tərəf atəş açdı. Sağ tərəfimdən dəyən güllə ciyərimi, onurğamı və ürək divarımı yaraladı. İlkin tibbi müdaxiləm Füzuli Rayon Diaqnostika Mərkəzində oldu. Sonra huşumu itirmişəm. Gözümü açanda Ağcabədidə idim, sonra isə Silahlı Qüvvələrin Baş Hərbi Klinik Hospitalına aparıldım. İki ay burada müalicə aldım. Bir neçə dəfə əməliyyat olundum. Noyabrın 18-də onurğamdan daha bir əməliyyat keçirdim. Sonra isə Buzovna Reabilitasiya Mərkəzinə köçürüldüm”.

“YAŞAT” Fondunun dəstəyi ilə müalicəsinin davam etdirilməsi məqsədilə Türkiyəyə gətirilən qazimiz bunun üçün Ali Baş Komandan, Prezident İlham Əliyevə minnətdarlığını bildirib: “Prezidentimizə çox minnətdaram. Müharibədə itki və yaralı çox olur. Lakin, dövlətimiz bizi tək qoymadı. Sağalmağımız üçün hər cür imkan yaradılır. Mənim adımdan isə həm müalicəmi aparan həkimlər, həm də ailə üzvlərim “YAŞAT” Fonduna müraciət etdilər. Əsgərlərimiz içində ən ağır yaralıların əsasını onurğa yarası alanlar təşkil edirdi. Onlar hissə-hissə müalicələrinin davam etdirilməsi üçün xarici ölkələrə göndərilirdilər. Mən də martın 25-də Türkiyəyə göndərildim. Mayın 30-da burada vəziyyətim tamamilə ağırlaşdı. Nəfəs belə ala bilmirdim. Sağ olsunlar, “YAŞAT” Fondunun Türkiyə təmsilçiləri xəstəxanaya gəldilər. Səhhətimlə bağlı həkimlərlə məsləhətləşdilər və vəziyyətin ciddiliyi nəzərə alınaraq yenidən əməliyyat olunmağıma qərar verildi. Mayın 31-də keçirilən bu əməliyyat çox uğurlu alındı. Əməliyyatda onurğama yerləşdirilən platin çıxarıldı və hüceyrə kökü köçürüldü. Bundan sonra vəziyyətim yaxşılığa doğru irəliləməyə başladı. Ciddi dəyişikliklər var. Fizioterapiyanın da köməyi ilə özümü daha rahat idarə edirəm. Düzdür, hissiyyat hələ də yoxdur. Lakin, əgər əvvəllər ayaqlarımı beldən idarə olunan cihazla hərəkət etdirirdimsə, indi dizdən dəstəkli cihazla addım ata bilirəm. Heç kim mənim bu qədər rahat hərəkət edə biləcəyimə inanmırdı. Bundan sonra vəziyyətimin daha da yaxşılaşacağına əminəm”.

YAŞAT Fondu — Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondudur. Fond Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailələrinin üzvlərinə; işğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, habelə hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət orqanlarının (qurumlarının) əməkdaşlarına və ya həlak olmuş əməkdaşların ailə üzvlərinə sosial müdafiə sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi (maliyyə yardımlarının göstərilməsi və digər dəstək tədbirlərinin həyata keçirilməsi) üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması məqsədilə yaradılıb.

Xatırladaq ki, Fond tərəfindən bu günə qədər 136 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 90-nın müalicə proseduru uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.