CƏMİYYƏT
“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi ilə “Aqrar İnkişaf Könüllüləri” Təşkilatı arasında memorandum imzalanıb
Bakı, 22 iyun, AZƏRTAC
“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi (DVC) ilə “Aqrar İnkişaf Könüllüləri İnkişafı” Təşkilatı arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
DVC-dən AZƏRTAC-a bildiriblər ki, memorandum tərəfdaşlar arasında birgə layihə və proqramların həyata keçirilməsi, iş təcrübəsinin öyrənilməsi məqsədilə DVC-nin aparıcı proqramlarından olan Milli Debat Proqramı çərçivəsində aqrar sahə üzrə debat yarışlarının, forumların, regionlarda fəaliyyət göstərən könüllülərin səlis nitq və fikri ifadə etmək bacarığının formalaşdırılmasına yönəldilmiş proqramların keçirilməsini nəzərdə tutur.
Memorandumu "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin sədri Ülviyyə Axundova və "Aqrar İnkişaf Könüllüləri" Təşkilatının sədri Kamran Əliyev imzalayıblar.
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının əsas məqsədi aqrar sahənin inkişafı üçün çalışan könüllü cəmiyyətinin formalaşdırılması, könüllülərin informasiya texnologiyaları üzrə təşəbbüslərinin dəstəklənməsi, asudə vaxtlarının səmərəli təşkili üçün birgə konfranslar, simpoziumlar, sərgilər və digər tədbirlərin keçirilməsi, gənclərin təcrübəli mütəxəssis kimi yetişməsinə bilavasitə təsir göstərməkdir.
"Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi fəaliyyətdə olduğu 20 il ərzində yerli və beynəlxalq biznes strukturları, dövlət qurumları, eləcə də beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. DVC-nin Milli Debat Proqramı debat metodologiyası vasitəsilə gənclərin və yeniyetmələrin fərdi inkişafına və maariflənməsinə yönələn ölkə səviyyəli proqramdır. Proqram respublikanın 45 rayonunu və bütün böyük şəhərləri əhatə etməklə, 12 regional debat mərkəzini, ali və orta təhsil müəssisələrində yaradılmış debat klublarını özündə birləşdirir.