Vətəndaş cəmiyyəti institutları dövlətin şəhid ailələri və veteranlarla bağlı siyasətinə daha çox dəstək göstərməlidir
AzerTAg.az
Bakı, 22 may, AZƏRTAC
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov İsmayıllı rayonunda şəhid ailələri, qazi və veteranlarla görüş keçirib, onları maraqlandıran məsələlərlə bağlı müzakirələr aparıb.
AZƏRTAC xəbər verir ki, görüşdə qurumun İsmayıllı Rayon Təşkilatının fəalları, rayon ziyalıları da iştirak edib.
Qarşılıqlı fikir mübadiləsi əsasında keçən görüşdə şəhid ailələrinin, müharibə veteranlarının qayğıları, arzu və istəkləri müzakirə edilib, dövlətin bu yöndə apardığı siyasətin önəmi qeyd olunub.
Tədbirdə çıxış edən polkovnik Cəlil Xəlilov dövlətin müvafiq sahədəki fəaliyyətinin əhəmiyyətini vurğulayıb, bu məsələdə vətəndaş cəmiyyətlərinin üzərinə düşən məsuliyyətə diqqət çəkib: “Şəhid ailələrinin, müharibə əlillərinin, Birinci və İkinci Qarabağ müharibəsi veteranlarının sosial rifahının yaxşılaşması, onların hərtərəfli qayğı ilə əhatə olunması dövlətimizin daim diqqət mərkəzindədir. Prezident İlham Əliyevin bilavasitə diqqəti və qayğısı sayəsində bu gün hər bir şəhid ailəsi, müharibə veteranı bunu bilavasitə öz üzərində hiss edir. Lakin şəhid ailələrinə, müharibə əlillərinə, qazi və veteranlara qayğı sadəcə dövlətin vəzifəsi deyil. Bu, hər bir azərbaycanlının vəzifəsidir. Bu məsələdə vətəndaş cəmiyyəti institutları da aktiv olmalı, öz imkanları daxilində dövlətin şəhid ailələri, veteranlarla bağlı siyasətinə dəstək verməlidir. Unutmamalıyıq ki, həssas kateqoriyadan olan vətəndaşlarımıza yardım etmək, onların arzu və istəklərinə diqqətlə yanaşmaq hər birimizin mənəvi borcudur və hər bir azərbaycanlı bu borca sədaqətlə yanaşmalıdır”.
Qeyd edək ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı mütəmadi surətdə regionlarda şəhid ailələri və veteranlarla görüşlər keçirməkdə, gənclər arasında vətənpərvərlik tərbiyəsinin inkişafı istiqamətində silsilə tədbirlər təşkil etməkdədir.





Xəbərin mətnində orfoqrafik səhv var