İQTİSADİYYAT


Vətəndaşlar Novruz yarmarkalarından razılıqlarını bildirirlər

Bakı, 2 mart, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə martın 2-dən etibarən paytaxtın 14 ünvanında, ölkənin bütün şəhər və rayon mərkəzlərində Novruz yarmarkaları fəaliyyətə başlayıb.

AZƏRTAC xəbər verir ki, yarmarkalarda respublikamızın müxtəlif bölgələrindən fermerlər, ailə təsərrüfatları əhaliyə geniş çeşiddə kənd təsərrüfatı məhsullarını bazar qiymətlərindən xeyli ucuz təklif edirlər. Yarmarkalarda məhsulların keyfiyyətinə və qiymətlərinə müvafiq qurumlar tərəfindən nəzarət olunur.

Martın 2-də səhər saatlarından etibarən vətəndaşlarımız yarmarkalara üz tutublar. Bu cür yarmarkaların təşkilindən məmnunluq ifadə edən alıcılar dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər.

Bakı şəhər sakini Natella Cabbarova deyib: “Mən çox şadam ki, düz evimin yaxınlığında belə bir yarmarka açılıb. Çox rahatdır. Bütün məhsullar keyfiyyətli və sərfəli qiymətə təklif olunur. Belə yarmarkaların daha tez-tez təşkil olunmasını arzu edirik”.

Yarmarkaya ilk dəfə gələn şəhər sakini Xoşbəxt Seyidova bildirib ki, bu, çox gözəl təşəbbüsdür: “Novruz bayramı ərəfəsində belə yarmarkaların təşkil olunması çox sevindiricidir. Azərbaycan xalqı milli-mənəvi dəyərlərə çox önəm verir və xalqımız Novruz süfrəsini bol çeşidli məhsullarla bəzəməyi vacib hesab edir. Bu yarmarka hesabına vətəndaşlarımız həm keyfiyyətli məhsullar, həm də büdcə xərclərinə qənaət edən fürsət əldə edirlər. Qiymətlər çox ucuzdur. Mən də bu fürsətdən yaralanmağa gəlmişəm”.

İstehsal etdiyi kənd təsərrüfatı məhsullarını əlverişli şəraitdə istehlakçılara çatdıran satıcılar da yarmarkanın təşkilindən məmnundurlar.

Beyləqan rayonundan gələrək ət məhsulu təklif edən satıcı Rübail Daşdiyev gələcəkdə də bu cür yarmarkalarda məmnuniyyətlə iştirak edəcəyini deyib. O, yaradılmış şəraitin çox gözəl olduğunu vurğulayıb.

Quba rayon sakini Şahin Turacov bu il rayonda bol alma yetişdirdiklərini deyib. O əlavə edib ki, yarmarka vasitəsilə alıcılara birbaşa çıxışının olmasından çox sevinir. Quba sakini belə yarmarkaların təşkilinə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.