REGİONLAR


Vətəndaşlar səbir və iradə nümayiş etdirərək, şəxsi gigiyena qaydalarına əməl etməlidirlər

Ağcabədi, 27 iyul, AZƏRTAC

Ağcabədi və Laçın Rayon Gənclər və İdman idarələrinin birgə təşkilatçılığı ilə “COVID-19-la mübarizənin gücləndirilməsi” mövzusunda Zoom platforması üzərindən onlayn videokonfrans keçirilib. Videokonfransda Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi Rayon Təşkilatının, Ağcabədi Rayon Heydər Əliyev Mərkəzinin, Olimpiya İdman Kompleksinin, təhsil şöbəsinin əməkdaşları və Laçın rayonundan olan gənclər iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, videokonfransda çıxış edən Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Cavid Bünyadov bildirib ki, bu gün günümüzün ən böyük çağırışlarından biri COVID-19 pandemiyasına qarşı mübarizədir. Ölkəmizdə milli səviyyədə koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri həyata keçirilməkdədir. Mövcud qlobal pandemiya dövründə hər bir vətəndaşın üzərinə düşən əsas vəzifə dözüm, iradə və səbir nümayiş etdirərək, şəxsi gigiyena qaydalarına əməl etmək və bu çətinliyin öhdəsindən gəlmək üçün ölkə rəhbərliyinə dəstək nümayiş etdirməkdir. COVID-19 pandemiyası sərhəd tanımadığı kimi, ona qarşı mübarizə də sərhəd tanımamalıdır və bu mübarizə mütəşəkkil, həmrəylik, qarşılıqlı yardım və nəticədə qazanılan müsbət təcrübədən istifadə təməllərinin üzərində qurulmalıdır.

Laçın Rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq Mustafayev çıxışında bütün dünyanı cənginə almış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlardan, əhalinin sağlamlığının qorunması üçün görülən işlərdən danışıb, həyata keçirilən tədbirlərin vətəndaşlar tərəfindən böyük rəğbətlə qarşılandığını bildirib. Diqqətə çatdırıb ki, Prezidentin tapşırığı ilə ölkəmizin bütün resursları səfərbər edilərək, koronavirus epidemiyası ilə ardıcıl, sistemli, çoxşaxəli mübarizə aparılır. Sərhədlərin bağlanması, karantin rejiminə keçilməsinin təmin edilməsi, müayinə, test və laboratoriya ləvazimatlarının, eləcə də müalicə vasitələrinin alınıb gətirilməsi, Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil olunması, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, koronavirus infeksiyasının mənfi təsirlərinin azaldılması məqsədilə dövlət büdcəsindən başlanğıc olaraq 1 milyard manat vəsaitin ayrılması və sair kimi tədbirlər Azərbaycan dövlətinin bu ümumbəşəri bəla ilə mübarizədə nə qədər güclü və əzmkar olmasının, dövlət başçısının siyasi müdrikliyinin və qətiyyətinin göstəricisidir.

YAP Ağcabədi Rayon təşkilatının aparat rəhbəri Nazim Bünyadov və Ağcabədi Rayon Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Ağayeva çıxışlarında bildiriblər ki, dünyanın koronavirusla üzləşdiyi bir vaxtda Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüslər yalnız Azərbaycanın deyil, həm də dünya əhalisinin sağlamlığı ilə bağlı təhlükəsizliyin təmin olunmasına yönəlib. Həmişə beynəlxalq əməkdaşlığın möhkəmlənməsində, mədəniyyətlərarası dialoqun, qlobal xarakter daşıyan tədbirlərin keçirilməsində yaxından iştirak edən ölkəmiz pandemiya ilə mübarizədə də beynəlxalq həmrəyliyin vacib olmasını nəzərə alıb və bu istiqamətdə fəal siyasət aparır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.