SİYASƏT
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən göstərilən səyyar xidmətlər təkmilləşdiriləcək VİDEO
Bakı, 16 iyul (AZƏRTAC). Azərbaycan Prezidenti İlham Əliyev Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən göstərilən səyyar xidmətlərin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncamda ölkədə həyata keçirilən institusional islahatlar nəticəsində yaradılan “ASAN xidmət” mərkəzlərinin dövlət orqanları tərəfindən əhaliyə göstərilən xidmətlərə yenilik gətirdiyi, bu sahədə rahatlığı və şəffaflığı təmin etdiyi bildirilir. Müasir texniki avadanlıqla təchiz olunmuş avtobusların regionlara səfərlərinin təşkilinin vətəndaşlara bilavasitə yaşayış yerində operativ və yüksək peşəkarlıqla müxtəlif xidmətlər göstərilməsinə şərait yaratdığı qeyd edilir.
Görülən işlərin davam etdirilməsi və səyyar xidmətlərin təkmilləşdirilməsi məqsədi ilə imzalanmış Sərəncama əsasən, 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə regionlarda yaşayan əhaliyə səyyar xidmətlərin keyfiyyətli və davamlı şəkildə göstərilməsinin təşkili üçün 8 milyon manat ayrılıb.