İQTİSADİYYAT


Vətəndaşlara daşınmaz əmlakın qeydiyyatı ilə bağlı səyyar xidmətlər göstərilib

Bakı, 7 fevral, AZƏRTAC

Vətəndaşlara daşınmaz əmlakın qeydiyyatı ilə bağlı səyyar xidmətlər göstərilib.

AZƏRTAC xəbər verir ki, dövlət başçısının “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 2019-cu il 19 fevral tarixli Fərmanının icrası istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daşınmaz əmlakın qeydiyyatı ilə bağlı səyyar xidmətlər vətəndaşların yaşadıqları ünvanlarda göstərilir.

Fevralın 7-də keçirilmiş növbəti belə tədbir Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, 130 ünvanında yerləşən iki çoxmənzilli yaşayış binasını əhatə edib. Bu yaşayış kompleksində 132 mənzil mövcuddur.

Qurum tərəfindən qeyd edilən ünvanda mobil ofislər vasitəsilə ilkin hüquqmüəyyənedici sənədlər qəbul olunub. Qanunvericiliklə müəyyən olunmuş müddətdə sakinlərə mülkiyyət sənədləri təqdim ediləcək.

Qeyd edək ki, səyyar qəbul günü mobil ofislərə müraciət edə bilməyən sakinlər çıxarış əldə etmək üçün sənədlərini ərazi qeydiyyat idarəsinə və ya “ASAN xidmət” mərkəzlərinə təqdim edə bilərlər.

Belə tədbirlər nəticəsində vətəndaşlar heç bir quruma getmədən, əlavə vaxt itkisi olmadan daşınmaz əmlaklarına dair çıxarışları əldə edirlər. Bütün bunlar isə, vətəndaş məmnunluğunun, eləcə də əlçatanlıq, şəffaflıq və rahatlığın artmasına xidmət edir.

Səyyar xidmət zamanı vətəndaşlara hüquqi məsləhət xidmətləri də göstərilib, vətəndaşların qeydiyyat prosesi və sənədlərlə bağlı sualları cavablandırılıb.

Səyyar qeydiyyat xidmətlərinin göstərilməsi davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.