CƏMİYYƏT
Vətəndaşlara müxtəlifcinsli ağac tingləri paylanılacaq
Bakı, 29 mart, AZƏRTAC
Ölkə rəhbərliyinin yeni yaşıllıqların salınması ilə bağlı verdiyi tövsiyə və göstərişlərə uyğun olaraq ağac əkilməsinin təşviqi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Bu yaz özün bir təbiət yarat!” devizi altında keçirilən yaz ağacəkmə kampaniyası çərçivəsində vətəndaşlara müxtəlifcinsli ağac tingləri paylanılacaq.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aprelin 2-dən 10-dək Bakıda və bölgələrdə keçiriləcək aksiyalarda vətəndaşlara müxtəlifcinsli ağac tinglərinin əkilməsi və qulluq göstərilməsi qaydalarına dair nazirliyin mütəxəssisləri tərəfindən tövsiyələr veriləcək.
Ağac tinglərinin paylanılması aksiyası aprelin 2-də Bakının Nəsimi rayonunda "Koroğlu" parkının, Binəqədi rayonunda "Zərifə Əliyeva" parkının qarşısında saat 11:00-dan 13:00-dək, Yasamal rayonunda "Azərsu" parkının qarşısında saat 13:00-dan 15:00-dək, Gəncədə Kəpəz bələdiyyəsinin, Şəkidə isə "Axundov" bağının qarşısında saat 11:00-dan 13:00-dək keçiriləcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi vətəndaşları aksiyalarda fəal iştirak etməyə, ağac əkməyə və qorumağa çağırır.