CƏMİYYƏT
Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb
Bakı, 13 iyul, AZƏRTAC
Müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşları hədələyərək guya onlar barəsində rüsvayedici məlumatlar yayacağı ilə zərərçəkənləri qorxudub pul tələb edən şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, zərərçəkənlərdən Baş İdarəyə daxil olan çoxsaylı müraciətlər əsasında keçirilən əməliyyat nəticəsində hədə-qorxu ilə pul tələb etməkdə və dələduzluq əməlində şübhəli Sabirabad rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Eyvaz Əmənov yaşadığı Şirvan şəhərində tutulub. Araşdırma zamanı onun beş vətəndaşı hədələyərək onlardan ümumilikdə 2000 manatdan artıq pul aldığı məlum olub. Saxlanılan şəxs ifadəsində törətdiyi qanunsuz hərəkətləri etiraf edib.
Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzinə və ya Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edə bilərlər.
Həmin faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Eyvaz Əmənov barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onunla bağlı istintaq və əməliyyat tədbirləri davam etdirilir.