CƏMİYYƏT


Vətəndaşları dələduzluq yolu ilə aldadan şəxs saxlanılıb

Bakı, 11 may, AZƏRTAC

Vətəndaşların etibarından sui-istifadə edərək onları dələduzluq yolu ilə aldadan Vüsal Bağırov Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, araşdırma zamanı həmin şəxsin özünü təmir-tikinti firmasının rəhbəri kimi təqdim edərək müxtəlif vaxtlarda 5 nəfəri onların mənzilini təmir edəcəyi adı ilə aldadıb zərərçəkənlərin pullarını ələ keçirdiyi müəyyən olunub. Məlum olub ki, bu müddətdə Vüsal Bağırov həmin şəxslərdən ümumilikdə 213 min manatdan artıq pul alıb. Buna baxmayaraq o, vəd etdiyi kimi mənzillərdə təmir və tikinti işləri həyata keçirməyib.

Faktlarla bağlı Vüsal Bağırov barəsində Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Tutularaq istintaqa təqdim edilən həmin şəxsin digər şəxslərə qarşı analoji cinayətlər törətməsi istisna olunmur. V.Bağırovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, Daxili İşlər Nazirliyinə, Binəqədi Rayon Polis İdarəsinə, 102 Xidməti - Zəng Mərkəzinə, ərazi polis orqanlarına və ya nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.