CƏMİYYƏT


Vətəndaşları dələduzluq yolu ilə aldadaraq pullarını mənimsəyən İran vətəndaşları saxlanılıb

Bakı, 9 mart, AZƏRTAC 

Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki ticarət mərkəzlərindən birində vətəndaşın etibarından sui-istifadə edilərək pulu dələduzluq yolu ilə əlindən alınıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, nazirliyin 102 - Zəng Mərkəzinə müraciət edən paytaxt sakini Əli Səfərov bildirib ki, ticarət mərkəzində olan zaman Türkiyə türkcəsində danışan iki nəfər xarici ölkə vətəndaşı ona yaxınlaşaraq Azərbaycanda olan ən böyük pul əsginasları barədə ondan məlumat almaq istəyiblər. Ə.Səfərov cibində olan pulları çıxararaq həmin şəxslərə göstərdikdə onlardan biri əsginaslara baxmaq adı ilə zərərçəkənin əlindən alıb. Geri qaytaran zaman isə onlar Ə.Səfərovun 300 manat və 100 ABŞ dollarını dələduzluq yolu ilə ələ keçirərək hadisə yerindən uzaqlaşıblar.

Hadisə barədə ərazi üzrə Qaradağ Rayon Polis İdarəsi 10-cu polis bölməsinə məlumat daxil olan kimi cinayəti törətməkdə şübhəli bilinən şəxslərin axtarışlarına başlanılıb. Bölmə əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı cinayəti törətməkdə şübhəli bilinən İran vətəndaşları Davud Moqəddəmi və Yosef Hadı saxlanılıblar. Onlar ifadələrində bir müddət əvvəl Azərbaycana gəldiklərini və dələduzluq yolu ilə insanları aldadaraq pullarını ələ keçirdiklərini etiraf ediblər.

Saxlanılan şəxslərin başqa vətəndaşlara qarşı da analoji cinayətlər etdikləri istisna olunmur. Belə şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, bu barədə DİN-in 102 - Zəng Mərkəzinə, 012 445-02-02 və ya 012 445-22-22 telefon nömrələrinə zəng edərək müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.