REGİONLAR


Vətəndaşları saxta avtomobil satışı elanı ilə aldadaraq dələduzluq edən şəxslər saxlanılıblar VİDEO

Hacıqabul, 14 dekabr, Aydın Yavərzadə, AZƏRTAC

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirlər nəticəsində vətəndaşları dələduzluq yolu ilə aldadaraq zərərçəkənlərin pullarını mənimsəyən Zərdab rayon sakinləri Əhməd Məmmədov və Etibar Vəliyev saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, ilkin dindirmə zamanı saxlanılan şəxslər vətəndaşlara qarşı dələduzluq etdiklərini etiraf ediblər. Onların ətrafında aparılan tədbirlərlə məlum olub ki, həmin şəxslər avtomobil elanları saytlarında müxtəlif markalı avtomobillərin şəkillərini və məlumatlarını özlərinə məxsus nəqliyyat vasitəsi kimi təqdim edərək, həmin avtomobillərin dəyərindən ucuz qiymətə satılması barədə elanlar yerləşdiriblər. Daha sonra isə onlara zəng edən alıcılarla satış qiyməti barədə razılığa gəldikdən sonra alıcılara avtomobili almaq üçün beh göndərmələrini tələb edib, zərərçəkmişlərə özlərinə məxsus bank hesab nömrəsi veriblər. Alıcılar tərəfindən beh göndərildikdən sonra isə qabaqcadan əlbir olan tanışlar zərərçəkmişlərin telefon zənglərinə cavab verməyərək onlarla əlaqəni kəsib və həmin şəxslərin pullarını dələduzluq yolu ilə mənimsəyiblər. Araşdırmalar zamanı onların respublikanın doqquz bölgəsində analoji cinayət əməli törətdikləri və 20 zərərçəkmiş şəxsə ümumilikdə 19200 manat maddi ziyan vurduqları müəyyən olunub.

Faktlarla bağlı hər iki şəxs barəsində Hacıqabul RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir. Polis əməkdaşları Ə.Məmmədovun və E.Vəliyevin digər analoji cinayətlərdə iştirakını da istisna etmir. Əgər bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Hacıqabul RPŞ-nə məlumat vermələri xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.