REGİONLAR
Vətəndaşların hərbi-vətənpərvərlik tərbiyəsi istiqamətində mühüm nəticələr qazanılıb
Xırdalan, 13 fevral, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeron rayonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yaranmasının 8 illiyi qeyd olunub.
Tədbir iştirakçıları əvvəlcə Xırdalan şəhərində Ümummilli Liderin adını daşıya parkda Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər.
Xırdalanda yerləşən Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının nümayəndələri, Xidmətin rayon əməkdaşları, tərxis olunmuş hərbçilər iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, tədbirdə dünyada və regionda baş verən siyasi proseslərdən danışan Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova ölkəmizdə olan sabitliyi xüsusi vurğulayıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının inkişaf etdiyini, Silahlı Qüvvələrimizin qüdrətinin gündən-günə artdığını, eləcə də ordu quruculuğunda əhəmiyyətli irəliləyişlərin əldə oldunduğunu vurğulayan İ.Gülməmmədova bildirib ki, dövlət tərəfindən bu sahənin inkişafına hər zaman lazimi diqqət ayrılıb.
İştirakçıları təbrik edən İ.Gülməmmədova onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinin rəisi, polkovnik-leytenant Hüseyn Quliyev bildirib ki, ötən 8 ildə Xidmətdə səfərbərlik üzrə çağırış, Azərbaycan Silahlı Qüvvələrinin çağırışçılarla komplektləşdirilməsi, vətəndaşların hərbi-vətənpərvərlik tərbiyəsi istiqamətində mühüm nəticələr əldə edilib.
Qeyd olunub ki, ötən qısa müddətdə Dövlət Xidməti böyük inkişaf yolu keçib, ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə öz töhfələrini verib.
Sonda fəaliyyətində fərqlənən bir qrup şəxsə fəxri fərmanlar və pul mükafatları verilib.