CƏMİYYƏT
Vətəndaşların sosial müdafiəsi Prezident İlham Əliyevin siyasətinin başlıca istiqamətlərindəndir
Bakı, 16 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı hər kəs tərəfindən müsbət qarşılanıb və bizi çox sevindirib. Prezident İlham Əliyev ölkə rəhbərliyinə başladığı ilk gündən bu günə qədər dövlətin əsas siyasətinin sosial siyasət təşkil etdiyini vurğulayıb, hər zaman sözünü tutub. Dəfələrlə aztəminatlı ailələrin və sosial qayğıya ehtiyacı olan əhali qrupunun sosial rifahının yaxşılaşdırılması üçün dövlət tərəfindən sosial paketlər həyata keçirilib, həmin kateqoriyadan olan vətəndaşlara dövlət dəstəyi və qayğısı heç zaman azalmayıb.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev Prezident İlham Əliyevin bu gün imzaladığı “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı barədə danışarkən deyib.
Deputat bildirib ki, Sərəncam birbaşa olaraq əmək pensiyalarının və əməkhaqlarının, sosial müavinətlər və təqaüdlərin məbləğlərinin artımını təmin edəcək: “Hökumət 2022-ci ilin dövlət büdcəsi layihəsində həmin artımların nəzərə alınması üçün xüsusi təkliflə çıxış edəcək. 2020-ci ildə yeni növ koronavirus (COVID-19) pandemiyası zamanı bütün dünya iqtisadiyyatında olduğu kimi, Azərbaycan iqtisadiyyatinda da müəyyən ziyan müşahidə edildi və nəticədə, vətəndaşların sosial həyatında müəyyən çətinliklər yarandı. İş yerləri bağlandığı üçün xüsusən həssas qruplardan olan vətəndaşların üzləşdiyi çətinliklər artdı. Buna baxmayaraq, Azərbaycan dövləti məhz pandemiyanın vətəndaşlara, iş adamlarına vurduğu ziyanı aradan qaldırmaq üçün xüsusi sosial paket və tədbirlər həyata keçirdi. Vətəndaşlara, aztəminatlı ailələrə birdəfəlik maddi yardımlar göstərildi, bank kreditlərində müvafiq güzəştlər tətbiq edildi, eyni zamanda sosial dəstəyə ehtiyacı olan ailələrin övladlarının təhsil haqlarının ödənilməsi dövlət tərəfindən həyata keçirildi. Məhz pandemiya ilə əlaqədar yaranmış çətinliklərdən biri də ərzaqların, daha çox ehtiyac duyulan məhsulların qiymətlərində müəyyən artımlar idi. 2022-ci ildə bu kateqoriyadan olan vətəndaşların sosial ödənişlərində ediləcək dəyişiklik onların alacağı müavinət və təqaüdlərin artması deməkdir. Nəticə etibarilə, həssas əhali qrupuna aid olan vətəndaşların sosial rifahı daha da yaxşılaşacaq. Aydındır ki, vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması və həssas qrupların sosial müdafiəsi Prezident İlham Əliyevin siyasətinin başlıca istiqamətlərindəndir”.
Xatırladaq ki, “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam ölkəmizdə sosial inkişafın davamlı xarakter almasını, sosial ödənişlərdə ciddi artımları təmin edən islahatların növbəti mərhələsinə keçidi təmin edir və ümumilikdə 1 milyon 800 min nəfərədək vətəndaşımızın rifahının daha da yaxşılaşmasına xidmət edəcək.