CƏMİYYƏT
Vətəndaşsızlıq məsələləri üzrə İşçi Qrupun növbəti iclası keçirilib
Bakı, 18 iyul, AZƏRTAC
Fəaliyyəti Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən əlaqələndirilən Vətəndaşsızlıq məsələləri ilə əlaqədar İşçi Qrupun növbəti iclası keçirilib.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, İşçi Qrupun iclasında Daxili İşlər Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatı və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı nümayəndəliyinin əməkdaşları iştirak ediblər.
Xidmətin Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi Rza Talıbov iclası giriş sözü ilə açaraq, Nazirlər Kabinetinin tapşırığına əsasən yaradılmış İşçi Qrupun məqsədləri barədə məlumat verib.
Daha sonra çıxış edən DMX-nin Vətəndaşlıq məsələləri baş idarəsinin Vətəndaşlıq məsələlərinin həlli idarəsinin rəis müavini Elçin Məmmədov ölkə ərazisində vətəndaşsızlıq hallarının azaldılması ilə bağlı görülmüş işlərdən danışıb. Həmçinin DMX-nin rəsmi internet səhifəsində “Ölkə ərazisində vətəndaşsızlıq vəziyyətində olan şəxslər barəsində məlumatların təqdim edilməsi üçün” bölmənin yaradıldığını və müvafiq məlumatların yerləşdirildiyini qeyd edib.
Sonra BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin hüquq şöbəsinin müdir müavini Samirə Allahverdiyeva çıxış edərək ölkə ərazisində vətəndaşsızlıq vəziyyətində olan şəxslərin aşkarlanması, onların qeydiyyatının aparılması və sənədləşməsi, bu istiqamətdə məlumatlılığın artırılması ilə bağlı görülmüş işlər barədə məlumat verib. Bu sahədə Dövlət Miqrasiya Xidməti ilə sıx əməkdaşlıq etdiklərini bildirib.
Tədbirin davamında İşçi Qrupun digər üzvləri səlahiyyətləri daxilində gördükləri işlərdən danışıblar.
Sonda vətəndaşsızlıq hallarının aradan qaldırılması, habelə bu istiqamətdə məlumatlılığın artırılması üçün zəruri tədbirlər barədə müzakirələr aparılıb, bununla bağlı İşçi Qrupun üzvlərinin həyata keçirdikləri tədbirlər qeyd olunub.