CƏMİYYƏT
Vətənə xidmət etmək müqəddəs və məsuliyyətli vəzifədir VİDEO
Bakı, 28 aprel, Məhərrəm Əlioğlu, AZƏRTAC
Aprelin 28-də Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdən tərxis edilmiş bir qrup gənc ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Lökbatan qəsəbəsindəki abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin xatirəsini yad ediblər. Sonra Vətən uğrunda şəhid olan oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov tərxis olunan gəncləri təbrik edib. Bildirib ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin müstəsna xidmətləri sayəsində Azərbaycanda ordu quruculuğu prosesi sürətlə aparılıb, qısa müddətdə ərzində nizami ordu yaradılıb.
S.Mikayılov bildirib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən Ordunun daha da güclənməsi üçün bütün lazımi tədbirlər görülür, peşəkarlığın artırılmasına xüsusi önəm verilir. Bu gün Azərbaycan Respublikasının Silahlı Qüvvələri regionun ən qüdrətli ordusuna çevrilib. Aprelin əvvəllərində təmas xəttində erməni silahlı birləşmələrinin təxribat əməllərinə verilən layiqli cavab Azərbaycan Ordusunun, dövlətimizin qüdrətinin təntənəsidir. Azərbaycan Ordusu cəbhə bölgəsində Ermənistan silahlı qüvvələrinin təxribatçı əməllərinə sarsıdıcı zərbələrlə cavab verdi.
Milli Məclisin deputatı Aydın Hüseynov Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində Ordumuzun hərbi qüdrətinin artırılmasından, bunun bariz nümunəsi olaraq düşmənin təxribatlarının qarşısının alınmasında Azərbaycan Silahlı Qüvvələrinin əldə etdiyi uğurlardan danışıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsinin rəisi Novruz Rəhimov rayon gənclərinin hərbi xidmətə həmişə yüksək əhval-ruhiyyə ilə getməsini onların Vətənə, dövlətə sadiqliyinin göstəricisi kimi qiymətləndirib. İdarə rəisi həqiqi hərbi xidməti şərəflə yerinə yetirdiklərinə görə gəncləri təbrik edərək Vətənə xidmətin müqəddəs və məsuliyyətli vəzifə olduğunu bildirib.
“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli, Qaradağ Rayon Veteranlar Şurasının sədri Əli Məmmədov və digərləri də sürətlə inkişaf edən ölkəmizdə ordu quruculuğu sahəsində qazanılan uğurlardan, Azərbaycan əsgərlərinin cəbhə xəttində göstərdikləri şücaətlərdən söz açıblar.
Ordudan tərxis olunmuş bir qrup gənc göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək torpaqlarımızın azadlığı uğrunda mübarizəyə hər zaman hazır olduqlarını bildiriblər.
Sonra gənclərə rayon icra hakimiyyətinin hədiyyələri, eləcə də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsi tərəfindən hərbi biletlər təqdim olunub.
Sonda hərbi xidmətdən tərxis olunanlar üçün əmək yarmarkası keçirilib.