ORDU
“Vətənə xidmətinə görə sağ ol” adlı təntənəli yolasalma mərasimi keçirilib
Bakı, 16 aprel, AZƏRTAC
Xidmət müddəti başa çatmış bir qrup hərbi qulluqçunun ehtiyata buraxılması ilə əlaqədar Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində “Vətənə xidmətinə görə sağ ol” adlı təntənəli yolasalma mərasimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mərasim ulu öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi, dövlət himninin ifası və dövlət bayrağının meydana gətirilməsi ilə başlayıb.
Sonra xidmət müddəti başa çatmış əsgərlər tərəfindən döyüş növbətçiliyini qəbul edən əsgər yoldaşlarına silahların, zirehli jiletlərin və dəbilqələrin rəmzi qaydada təqdimetmə mərasimi keçirilib.
Ehtiyata buraxılan şəxsi heyətə hərbi hissənin komandanlığı tərəfindən təbriklər çatdırılıb, döyüş növbətçiliyini qəbul edən hərbi qulluqçulara tövsiyələr verilib və onlara gələcək xidmətlərində uğurlar, qələbə sevinci arzulanıb.
Yolasalma mərasimi xidmətdə fərqlənmiş və döyüş hazırlığında yüksək nailiyyətlər əldə etmiş hərbi qulluqçuların komandanlığın əmri ilə mükafatlandırılması və onlara qiymətli hədiyyələrin təqdim edilməsi ilə sona çatıb.