CƏMİYYƏT
“Vətəni yaşadanları biz də yaşadaq” adlı anım tədbiri keçirilib
Bakı, 27 sentyabr, AZƏRTAC
Sentyabrın 27-də Azərbaycan Hərb Tarixi Muzeyinin açıq səma altında ekspozisiyasında Vətən müharibəsinin başlanmasının 2-ci ildönümünə həsr olunmuş “Vətəni yaşadanları biz də yaşadaq” adlı tədbir keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
AZƏRTAC xəbər verir ki, anım tədbirində Müdafiə Nazirliyinin hərbi hissələrinin, veteran təşkilatlarının, orta məktəblərin müəllim və şagird heyəti iştirak edib.
Tədbirdə muzeyin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qəni-zadə, Abşeron Rayon Müharibə Veteranlar Cəmiyyətinin sədr müavini Sahib Əsgərov, 53 saylı tam orta məktəbin tarix müəlliməsi Yeganə Aslanova çıxış ediblər.
Çıxışçılar 2020-ci il sentyabrın 27-də işğalçı Ermənistanın növbəti təxribatına cavab olaraq əks-hücum əməliyyatına başlayan Azərbaycan Ordusunun 44 günlük Zəfər yürüşü ilə ölkəmizin ərazi bütövlüyünü təmin etdiyini, Silahlı Qüvvələrimizin hər bir kənd, qəsəbə, şəhər, yüksəkliyin düşməndən təmizlənməsi uğrunda rəşadətlə mübarizə apardığını, böyük tarixi nailiyyətlərə imza atdığını vurğulayıblar.
Qeyd olunub ki, Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə sentyabrın 27-si Azərbaycanda Anım Günü, 8 noyabr isə Zəfər Günü kimi təsis edilib. Diqqətə çatdırılıb ki, Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, iradəsi, müzəffər Ordumuzun cəsurluğu, qəhrəmanlığı nəticəsində Zəfərlə başa çatıb. Bu tarixi Qələbə əbədiyaşar şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazanılıb və Azərbaycanın müstəqillik tarixinə qızıl hərflərlə yazılıb.