MƏDƏNİYYƏT


“Vətənimizə virtual səyahət” layihəsi əsasında növbəti tur Lerik rayonuna təşkil olunub

Bakı, 7 iyul, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanası “Ölkəmizi tanıyaq” layihəsinin davamı olan “Vətənimizə virtual səyahət” layihəsini həyata keçirir.

İdarədən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində növbəti tur Lerik rayonuna təşkil edilib.

Lerik rayonu haqqında ümumi məlumatın əks olunduğu videoçarxda rayonun təbiətinə aid rəngarəng fotolar toplanıb və təsvir edilib.

Təbiətinin ayrılmaz hissəsini təşkil edən Rəzvənəbad, Band, Xanagah, Kekonu, Tarkan, Daster, Vamazqon, Tikəbənd, Bilnə kimi yamyaşıl gözəlliyi özündə əks etdirən meşələrinin, Semaqonu, Qızyurdu, Kömürçay, Talış silsilə dağlarının, Zirvand, Ağ, Vazaru, Günəşli, Orand kimi gur suyu olan çaylarının, Qələbin, Günəşli, Çayrund, Bülüdül kimi şəlalələrinin, Zərinqala, Büzeyir, Yolahani, Xanbulaq, Cam kimi saf suya malik bulaqlarının fotoları videoçarxda yer alır.

Burada rayonun flora və faunası göstərilir. Bitki və heyvanların siyahısı, onların fotoları izləyicilərə nümayiş olunur.

Lerik rayonunda daş dövrünə məxsus Buzeyir mağarası, XVIII əsrə aid Bobogil, Cabir, Kələ türbələri, “Qız qalası” və “Oğlan qalası”, Xoca Seyid türbəsi (XIV əsr), Lüləkəran, Kəlvəz, Rəzqov, Mistan məscidləri və muzeylər yerləşir. Videoçarxda uzun ömür yaşayan Şirəli Müslümov (168 yaş), Mahmud Eyvazov (150 yaş), Məcid Ağayev (145 yaş), Qızıl Quliyev (120 yaş) kimi şəxslər qeyd edilir.

Videoçarxda, həmçinin ziyarətgahların, müasir binaların, parkların fotoları, görkəmli şəxsiyyətlərin siyahısı təqdim olunur.

Xalçaçılıq, boyaqçılıq, toxuculuq, əyiricilik, dəmirçilik, ağac işləmə, misgərlik, nalbəndlik kimi tarixən inkişaf etmiş sənətkarlıq sahələri videoçarxda verilir.

Videoçarxda Pirəbəndi, Çıçı, Gülüstan, Zeybə, Şirvan, Xırdagül xalçaları da göstərilir. Mətbəxi ilə şöhrət qazanan Lerik rayonu ləvəngi, əriştə, kükü, boranılı plov növləri, göy və qarın qutabları, badımcan qiyməsi və digər yeməkləri ilə məşhurdur, videoçarxda onların fotoları əks olunub.

Videoçarx “Lerik” mahnısı ilə müşayiət olunur.

Lerik rayonunun videoçarxı "YouTube" kanalında yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.