CƏMİYYƏT
Vətənin müdafiəsinə hazıram
Bakı, 6 noyabr, AZƏRTAC
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyət istiqamətinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi məqsədilə mütəmadi olaraq ictimai tədbirlər həyata keçirir.
Qurumdan AZƏRTAC-a bildiriblər ki, Xidmətin 2018-ci il üçün fəaliyyət planına əsasən, noyabrın 6-da Saatlı Rayon İcra Hakimiyyəti ilə birgə “Vətənin müdafiəsinə hazıram!” adlı tədbir keçirilib.
Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Saatlı Rayon İcra Hakimiyyəti başçısının müavini Reyhan Ocaqova çıxış edərək bildirib ki, gənclər siyasəti diqqətdə saxlanılan əsas məsələlərdən biridir və bu sahədə ardıcıl olaraq məqsədyönlü tədbirlər həyata keçirilir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Aparatının şöbə rəisi, polkovnik Niyaz Məmmədov çıxışında qeyd edib ki, gənc nəslin milli ruhda tərbiyə edilməsi cəmiyyətin sağlam gələcəyinin təməlidir və bu istiqamətdə görülmüş işlər müsbət nəticələr verir.
Respublika Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli milli ordu quruculuğu sahəsində qazanılmış nailiyyətlərdən danışıblar. Bildirilib ki, ən müasir silah və hərbi texnika ilə təchiz olunan Azərbaycan Silahlı Qüvvələri ərazilərimizi işğaldan azad etməyə hər an hazırdır.
Tədbirin bədii hissəsində vətənpərvərlik mahnılarının məşhur ifaçısı Şəmistan Əlizamanlı və Saatlı rayon məktəblərinin özfəaliyyət kollektivləri vətənpərvərlik mövzusunda proqramla çıxış ediblər.