CƏMİYYƏT
Vətənin müdafiəsinə hazıram
Bakı, 3 may, AZƏRTAC
Mayın 3-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) Azərbaycan Respublikası Gənclər Fondu və Ağdam Rayon İcra Hakimiyyəti ilə birgə Quzanlı qəsəbəsində “Vətənin müdafiəsinə hazıram!” devizi altında kütləvi tədbir keçirib.
Xidmətdən AZƏRTAC-a bildiriblər ki, tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilib.
Əvvəlcə Xidmət rəisinin müavini, general-mayor Şahvələd Əliyev, rayon icra hakimiyyətinin rəhbərliyi və qonaqlar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.
Orta məktəblərin yuxarı sinif şagirdlərinin, gənclərin, ictimaiyyətin, şəhid ailələri nümayəndələrinin, veteranların və rayonun hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə Mədəniyyət Evində davam etdirilən tədbirdə dövlət himni ifa edilib, ulu öndər Heydər Əliyevin xatirəsi ehtiramla anılıb.
Vətənə məhəbbət, milli qürur hissi ilə yaşayan gəncliyin yetişdirilməsi istiqamətində tədbirin vacibliyi diqqətə çatdırılıb. Xidmət tərəfindən Ağdam məktəbliləri arasında “Ümummilli lider Heydər Əliyev müstəqil dövlətçiliyimizin banisidir” mövzusunda yazı müsabiqəsinin keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Şahvələd Əliyev Ulu Öndərin dövlətçiliyimiz üçün misilsiz xidmətlərindən söz açıb. O, Heydər Əliyevin Azərbaycanı hər cür qəsdlərdən qoruyan, möhkəmliyini, dayanıqlılığını təmin edən, onun hərtərəfli inkişafı üçün iqtisadi, siyasi, hüquqi zəmin hazırlayan böyük strateq, müdrik rəhbər kimi əbədiyaşarlıq qazandığını bildirib. Diqqətə çatdırılıb ki, bu gün ölkəmizdə ümummilli lider Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.
Xidmət tərəfindən gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində görülən işlərdən danışan natiq hazırda müharibə şəraitində olan ölkəmizdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən həyata keçirilən səfərbərlik hazırlığı və müddətli həqiqi hərbi xidmətə çağırış işinin təşkil istiqamətində əsaslı tədbirlərin həyata keçirildiyini vurğulayıb.
Gənclər Fondunun şöbə müdiri Ramil Məmmədov ölkəmizdə həyata keçirilən gənclər siyasətindən danışıb, Ümummilli Liderin müasir gənclər üçün örnək olan həyatı və fəaliyyəti barədə fikirlərini bölüşüb.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli ulu öndər Heydər Əliyevin müasir Azərbaycan Ordusunun qurucusu olduğunu vurğulayaraq, əbədiyaşar komandanın bu istiqamətdə gördüyü işlərdən danışıb.
Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev bildirib ki, ulu öndər Heydər Əliyevin Vətənin müdafiəsi məsələsində qətiyyətli mövqeyi doğma yurdumuzu müdafiə borcunun hər bir vətəndaşın əqidəsinə, mənəvi dəyərinə çevrilməsinə təkan verən güclü qüvvədir.
Tədbirdə Ağdam rayon orta məktəblərinin şagirdləri arasında keçirilmiş “Ümummilli lider Heydər Əliyev müstəqil dövlətçiliyimizin banisidir” mövzusunda yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb. Münsiflər heyətinin qərarına əsasən birinci yerə Ağdam rayon 2 saylı tam orta məktəbin şagirdi Sərxan Səfərov layiq görülüb. Rayon 18 saylı köçkün tam orta məktəbin şagirdi Elnur Hüseynov və İmamqulubəyli kənd tam orta məktəbin şagirdi Nihad İbrahimov ikinci və üçüncü yerlərə sahib olublar.
Qaliblərə diplom və mükafatlar təqdim edilib.
Sonda Ağdam rayon özfəaliyyət dərnəyi və məktəblilərin vətənpərvərlik ruhunda hazırladıqları ədəbi-bədii proqram təqdim olunub.