REGİONLAR
“Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə muxtar respublika birinciliyi başa çatıb
Naxçıvan, 21 oktyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirliklərinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə muxtar respublika birinciliyi başa çatıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, çağırışyaşlı və çağırışaqədər yeniyetmə və gənclərin fiziki hazırlığının artırılması, onların vətənpərvər ruhda tərbiyə olunması məqsədilə keçirilən birincilikdə 40 nəfər çağırışyaşlı və çağırışaqədər yeniyetmə və gəncin iştirak edib.
Yarışda Babək rayon Payız kənd komandası I yerə, Şərur rayon Aralıq kənd komandası II yerə, Sədərək rayon 2 nömrəli tam orta məktəbin komandası III yerə layiq görülüb. Qaliblərə təşkilatçıların kubok və diplomları təqdim olunub.
Qeyd edək ki, birincilikdə qalib olan komanda muxtar respublikanı 5-9 noyabr 2021-ci il tarixlərdə Xaçmaz rayonunda keçiriləcək Azərbaycan çempionatının final mərhələsində təmsil edəcək.