REGİONLAR
Vətənpərvərlik hissi zəif olan insanlar cəmiyyətdə öz yerlərini tuta bilmir
Xırdalan, 16 fevral, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeron Rayon İcra Hakimiyyətinin və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) dəstəyi ilə Heydər Əliyev Mərkəzində “Radikal ekstremizmin nəzəri və praktiki qiymətləndirilməsi” mövzusunda dəyirmi masa keçirilib.
AZƏRTAC xəbər verir ki, gənclərin iştirak etdikləri tədbiri açan rayon Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmirəliyev çıxış edərək, dini radikalizm və ekstremizmə qarşı mübarizədə ən səmərəli vasitələrdən birinin vətənpərvərlik hissinin gücləndirilməsi olduğunu deyib. Bildirib ki, vətənpərvərlik hissləri yüksək olan şəxslər dini radikalizm və ekstremizmin təsirinə məruz qalmaz.
İdarə rəisi qeyd edib ki, vətənpərvərlik hissi zəif olan insanlar cəmiyyətdə öz yerlərini tuta bilmirlər. Bu səbəbdən gənclər məlumatlandırılmalı, maarifləndirilməli, onlara vətənpərvərlik hissi aşılanmalıdır.
Daha sonra CESD təmsilçisi Rəşad Həsənov “Gənclərin radikal meyillərdən qorunması” mövzusunda çıxış edərək, Azərbaycanda radikalizm və ekstremizmə qarşı mübarizə çərçivəsində həyata keçirilən maarifləndirmə tədbirlərindən söz açıb. O, radikalizmin yayılmasının və gənclərin radikal qrupların təsiri altına düşməsinin qarşısının alınması istiqamətində birgə fəaliyyətin əhəmiyyətini vurğulayıb.